Xəzərin sahilində vaqona sığınan ailənin həyatda qalmaq mübarizəsi - FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Kirayələrdə keçən ömür, rütubətli evlərdə xəstəlik tapan iki körpə, 600 manata alınan dəmir vaqon və bu cür davam edən həyat... Tualetsiz, hamamsız, kiçik bir vaqonda həyata tutunanlar... Bunlar azmış kimi yerli məmurlardan gələn təzyiqlər...
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, bu qeyd edilənlər Ağdamdan məcburi köçkün olan Həsənovlar ailəsinin yaşadıqlarıdır. Hələ bundan sonra nələr yaşayacaqlar?
Həsənovlar ailəsi əslən Ağdamın işğal altında olan Əliağalı kəndindəndir. Kəndin işğalından sonra ailənin başçısı 1982-ci il təvəllüdlü Mirov Hüseynov öz ailəsi ilə birlikdə Bərdədə, evin xanımı 1987-ci il təvəllüdlü Rüxsarə Həsənova isə o zaman ailəsi ilə birlikdə Şəkidə məskunlaşıblar.
Yeni həyata başlamaq arzusu: 600 manatlıq vaqonda...
Onlar ailə həyatı qurduqdan sonra yeni həyata başlamaq üçün Bakıya köçüblər. Burada isə kirayələrdə yaşayıblar. Mirov Hüseynov fəhlə kimi tikintilərdə çalışıb, Rüxsarə xanım isə bir müddət çörək zavodunda işləyib.
Hazırda ailənin gəliri məcburi köçkün olaraq iki nəfərin adambaşına aldığı 19 manatlıq çörək puludur. Hüseynovlar ailəsi Bakıya gəldikdən sonra bir neçə yerdə kirayədə yaşayıblar. Ən son isə Ramana qəsəbəsində yaşayan ailə kirayə pulunu verə bilmədiyi üçün evdən çıxarılıblar. Daha sonra qohumlarının evinə sığınan ailə zorla yığdıqları 600 manatla köhnə bir vaqon alıblar.
Hazırda həmin vaqon Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında yerləşir. Vaqonun ətrafında yeni tikilən və hazırda da tikintisi davam edən saysız-hesabsız fərdi yaşayış evləri var. Hazırda vaqonun olduğu və yeni fərdi yaşayış evlərinin tikildiyi bu ərazi əvvəllər su altında olub. Sonradan Xəzər dənizinin bu sahilləri naməlum şəxslər tərəfindən torpaqla doldurularaq satılıb. İndi də bu ərazilərdə dəniz kənarının hasarlanması, yeni evlərin tikintisi davam edir.
Tualet və hamamsız yaşamaq olar?
Kirayədən canını qurtarmaq istəyən ailə təxminən 1 il 6 ay əvvəl vaqon alaraq bu ünvanda məskunlaşıblar. Qışı soyuq, yayı isə istidən yaşamağın çətin olduğu bu vaqonda ailənin vəziyyətini daha da ağırlaşdıran tualet və hamamın olmamasıdır. Bu problemi həll etməyə çalışan ailə "JEK” işçilərinin qəzəbinə tuş gəlib. Belə ki, Hüseynovlar ailəsinin vaqonun qarşısında tikmək istədikləri tualet və hamam bir neçə dəfə "JEK” işçiləri tərəfindən sökülüb. Ailənin dediyinə görə, bu zaman onlara qarşı zor da tətbiq edilib.
Rüxsarə Həsənova deyir ki, tikmək istədikləri hamam və tualetin xərclərini onları tanıyanlar və sosial şəbəkədən xəbər tutan insanlar qarşılayıb: "Qonşumuzun evi boş olduğu vaxta qədər tualet və hamamından icazəsi ilə istifadə edirdik. Sonradan həmin ev kirayəyə verildi. Deməyə də utanıram. Amma vəziyyət belədir. Bu şəraitdə tualetsiz, hamamsız bir insan necə yaşaya bilər? İki uşaqla bu balaca komaya sığınmışıq. Feysbuqda dostlardan biri haqqımızda məlumat paylaşmışdı. Bundan sonra bəzi insanlar bizə kömək etdi. Hamam və tualet tikmək üçün tikinti materiallarını, maddi yardımı onlar etdi. Bir az tikmişdik ki, "JEK”-dən gəlib sökdülər”.
Dövlət qurumlarına edilən müraciətlərə cavab: "Gözləyin...”
R.Həsənova vəziyyətləri ilə bağlı müraciət etmədikləri qurumun qalmadığını deyir: "İcra hakimiyyətinə dəfələrlə getmişəm. Deyirlər ki, "Qaçqınkom”a müraciət edin. "Qaçqınkom” da deyir ki, gözləyin. Bu vəziyyətdə necə gözləyək? Heç bir kömək etmirlər. Öz tikdiyimizi də sökürlər. Bir sot torpaq çoxdurmu ki, bizim istifadə etməyimizə icazə vermirlər”.
Həsənovlar ailəsinin böyük övladı, qızları 3-cü sinifdə oxuyur. Kiçik övladları isə keçirdiyi ağır xəstəlikdən sonra əməliyyat olunub. İndi də mütəmadi olaraq həkim nəzarətində olmalıdır.
Ailə başçısı iş tapmaqda çətinlik çəkdiyini deyir. Fəhləlik edən Mirov Hüseyov hazırda qonşularından birinin həyətində işləyir: "Aylarla işsiz qalıram. Tikintilərdə iş yoxdur. İndi qonşuluqda gedən tikintidə fəhlə kimi işləyirəm. Mən əziyyətimlə ailəmi saxlayıram. Heç kimə möhtac olmamaq üçün yoldaşım da işləyir. Ancaq indi o da işsizdir. Yaşadığımız vəziyyət göründyü kimidir. Bu şəraitdə insan yaşayarmı? İllərdir hara müraciət edirik, gözləyin deyirlər. Heç olmasa icazə vermirlər ki, bu daxmaya bir hamam və tualet tikək. Dostların, bizə kömək edənlərin hesabına tikmək istəyirik. Ona da icazə vermirlər”.
"Qızım da utandığından evimizi göstərməyib”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edən ailəyə deyilib ki, əgər onlar məcburi köçkün kimi qeydiyyata alınmaq istəyirlərsə, mənzilləri olmalıdır.
"Deyirlər ki, heç olmasa daxma tikin. Onda sizi qeydiyyata ala bilərik. Vaqon olduğu üçün bizi qeydiyyata almırlar. Elə vaqon olduğu üçün də qaz vermirlər. Heç cürə izah edə bilmirik ki, imkansızlıqdan bu vəziyyətdəyik. Əgər şəraitmiz olsa, yaşamağa evimiz olsa, biz niyə gedib kimdənsə yardım istəyək?” - deyən R.Həsənova illərdir, döydükləri qapılardan müsbət bir cavab ala bilmədiklərini söyləyir.
Ailə son zamanlar onları sevindirən bir xəbər ala bilib. Xəbər isə "JEK”-in müdirinin dəyişməsidir. Onlar inanırlar ki, yeni müdir onların bu vəziyyətinə biganə qalmayacaq.
"Kimdənsə əlavə ev, pul istəmirik. Gəlib bu vəziyyətimizi yerindəcə görsünlər. Əgər bu halımızı, yaşayışımızı görsələr insafları olsa, dediklərimizə haqq qazandıracaqlar. Bizim halımıza yanacaqlar. Qızım üçüncü sinifdə oxuyur. Bir gün məktəbdən gələndə bizə dedi ki, uşaqlar ondan evlərinin yerini soruşub. Qızım da utandığından evimizi göstərməyib. Uşaqdır, o, belə düşünür. Ancaq biz halımızdan utanmırıq. Buna da şükür...” - deyən Mirov Hüseynov bu günə qədər çətinliklərlə yaşadıqlarını və artıq sıxıntıları qəbul etdiklərini qeyd edir.
Bütün dövlət qurumlarına, ölkə rəhbərliyinə müraciət edən Həsənovlar ailəsi hər kəsdən ümidlərini üzüblər. Artıq bu kiçik vaqonda yaşamaqla barışan ailə yalnız tualet və hamamın tikntisinə icazə verilməsini istəyir.
BAKU.WS
Oxşar xəbərlər
700 bal toplayan şəhidin yaşadığı uçuq-sökük daxma (FOTO)
Tər-tər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplayan, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngil...