Xəzərə balıq körpələrinin buraxılması prosesi niyə dayandırılıb?

Ölkəmiz Xəzər dənizinə çıxışı olan beş dövlətdən biridir. Bu isə tarixən balıqçılığın geniş inkişaf etməsinə şərait yaradıb. Son illər isə bazarlarda yerli balıqların azalması, qiymətlərin bahalaşması narahatlıq doğurur. Xaricdən idxal olunan balılarla yerli məhsulların qiyməti demək olar ki bir-birindən fərqlənmir. Hazırda bazarlarda Həştərxandan gətirilən balıqlar satılır ki, qiymətləri kifayət qədər sərfəlidir.
Bu zaman isə ortaya belə bir sual çıxır. Xəzər eyni Xəzərdirsə, bəs bizdə niyə o balıqdan yoxdur?
Məsələ ilə bağlı Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanov BAKU.WS-in suallarını cavablandırıb.
Onun sözlərinə görə, uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 balıqartırma müəssisəsi balıq körpələrinin artırılması və təbii su hövzələrinə buraxılması ilə məşğul idi. Lakin Muxtar Babayevin ekologiya naziri olduğu dövrdə bu müəssisələr özəlləşdirməyə açıldı və nəticədə 9-u ya satıldı, ya da ümumiyyətlə fəaliyyətini dayandırdı. Hazırda isə cəmi 2 müəssisə mövcuddur və onların da balıq körpələrini su hövzələrinə buraxmadığı bildirilir.
"Nazirlik bu sahəni iqtisadi baxımdan qeyri-effektiv hesab etsə də, mütəxəssislər bunun doğru yanaşma olmadığını düşünürlər. Onların fikrincə, Xəzəryanı ölkələrin əksəriyyəti dövlət dəstəyi ilə balıqartırma prosesini davam etdirir və bu, su ehtiyatlarının qorunmasına böyük töhfə verir. Mütəxəssislər vurğulayırlar ki, təbiətin balansını qorumaq üçün balıq körpələrinin buraxılması yol kənarına ağac əkməyə bənzəyir – məqsəd iqtisadi qazanc deyil, ekosistemin qorunmasıdır", - deyə Z. Salmanov deyib.
Sədr onu da qeyd edib ki, bu gün balıqartırma fəaliyyəti mütləq olmalıdır. Sözügedən sahəyə dövlət dəstəyi verilməlidir.
Zaur Salmanovun fikrincə, sahə ilə bağlı müəyyən müsbət dəyişikliklər də müşahidə olunmaqdadır:
"Ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə balıqçılıq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Artıq assosiasiya ilə nazirlik arasında əməkdaşlıq başlayıb və bu qurumun sahibkarların təkliflərinə daha obyektiv yanaşdığı qeyd edilir. Salmanov hesab edir ki, qarşıdakı 3-5 il ərzində bu sahədə mühüm irəliləyişlər müşahidə oluna bilər".
Banu Hüseynli
Oxşar xəbərlər
İftar vaxtı – 13 mart 2025: Ramazanın 13-cü günü
Ramazanın on üçüncü günü – 13 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak (orucun başlanğıcı): 05:30✅ İftar (orucun bitməsi): 19:00 İmsak və İfta...
