Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Sosial 12

Sabahdan Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

BAKU.WS bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və mayın 28-si günün sonuna qədər davam edəcək.

Xanabad, Təzəbinə kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 27 noyabr 2024-cü il tarixli fərmanının 4.1-ci bəndi, Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Xanabad və Təzəbinə kəndlərində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, kartof, tütün, şəkər çuğunduru, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.

Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Xanabad, Təzəbinə kəndlərinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Xanabad" və ya "Təzəbinə" seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Xanabad, Təzəbinə kəndlərinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.

Müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər