Vətən müharibəsinin görünməyən qəhrəmanı: PUA laboratoriyasından cəbhə xəttinə uzanan yol
"O bunu bacardı, çünki ona "sən edə bilməzsən" deyən olmadı". Bütün uğurlarının təməlində bu düşüncə dayanır. Hesab edir ki, uğurun sirri arxayınlaşmamaq və uşaqlıqdan özünə məhdudiyyətlər qoymamaqdır. İdeyaları nə qədər fantastik olsa da, həmişə addım atmağa üstünlük verib. Onun üçün qorxulu olan ideyanın alınmaması deyil, həmin ideya üçün fəaliyyətə keçməməkdir. Düşünür ki, insan bir dəfə yaşayır və hər kəs öz həyat hekayəsinin baş qəhrəmanı olmağa çalışmalıdır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin Prezident mükafatçısı Sərxan Ağadadaşovla müsahibəsini təqdim edir.
Qusarda anadan olub və orta məktəb təhsilini də orada alıb. 2016-cı ildə Azərbaycan Aviasiya Akademiyasının Hava hərəkətinin idarə olunması mühəndisliyi ixtisasında bakalavr və magistratura pilləsi üzrə təhsil alıb. Hazırda Aviasiya Akademiyasında doktorantura pilləsində təhsil alır. Eyni zamanda Akademiyanın Pilotsuz Uçuş Aparatları (PUA) laboratoriyasında qrup rəhbəri və müəllim kimi fəaliyyət göstərir.
2020-ci ildən, xüsusilə Vətən müharibəsi dövründən başlayaraq PUA-ların istehsalı və təmiri sahəsində çalışan müsahibimiz hazırda "Sinam" şirkətində aparıcı mühəndis kimi fəaliyyətini davam etdirir.
"Bizim evdə "uşaqdır, bacarmaz" anlayışı olmayıb"
- Sərxan bəy, uşaqlıqdan ideyalarınız qurmaq və yaratmaq üzərində fokuslanıb. Mühəndislik bacarıqları ailədən gəlir?
- Atam mühəndisdir. Uşaqlıqdan bu mühitin içində böyümüşəm. Evdəki alətlərə marağım erkən yaşlardan formalaşıb. Böyüklər üçün nəzərdə tutulan alətlərdən istifadə edirdim. Ağlıma hər hansı ideya gələndə onu reallaşdırmağa çalışır, çətinlik çəkəndə atam və dayım kömək edirdi. 4-cü sinifdən kompüterimiz olduqdan sonra atamın tələbi ilə hər gün kiçik tapşırıqlar edirdim. Müxtəlif proqramlarda işləyir, gündəlik müəyyən həcmdə iş görürdüm. Bu da texniki bacarıqlarımın sistemli şəkildə inkişafına kömək etdi.
- Sizcə, valideynlərinizin hansı yanaşması texnoloji biliklərinizin formalaşmasına daha çox təsir göstərib?
- Bizim evdə "uşaqdır, bacarmaz" anlayışı olmayıb. Əksinə, daim suallar verməyə təşviq olunurdum. Hansısa sualı bilməyəndə üzərindən keçmirdilər. Uşaqlıqdan belə bir düşüncə formalaşırdı ki, mütləq hər şeyi bilməli, öyrənməli və güclü texniki baza yaratmalıyam. "Uşaqdır, bilməsə də olar" prinsipi bizdə olmayıb. Qarşıma çıxan hər texniki obyekt maşın motorundan tutmuş raket texnologiyasına qədər maraq obyekti kimi təqdim olunurdu. Bizə daim sistemlərin necə işlədiyini düşünmək və araşdırmaq tövsiyə edilirdi. Bilməmək normal qəbul olunmurdu, öyrənmək əsas prinsip idi. Məktəbdə də ensiklopediyalar və bilik yarışmaları bir növ ənənəyə çevrilmişdi.
- 3D modelləşdirməyə 5-ci sinifdən başlamısınız. O dövrdə rayon məktəbində internet imkanları məhdud olduğu halda bu sahədə necə irəlilədiniz?
Bəli, hazırda sahəmizdə istifadə olunan 3D modelləşdirmə ilə 5-ci sinifdə informatika dərsində tanış olmuşam. Dərslikdə 1-2 səhifəlik izah verilirdi və sadə obyektlərin modelləşdirilməsi tapşırıqları vardı. Həmin tapşırıqlardan sonra maraq yarandı və biz bu istiqamətdə işləməyə başladıq. Daha sonra digər mexanizmlərin modelləşdirilməsi ilə də məşğul olduq. Dost çevrəmizdə həm oyun oynayır, həm də modelləşdirmə edirdik. 6-cı sinifdən etibarən yarışlara qatılmağa başladıq. İlk veb-saytımı da 6-cı sinifdə hazırladım. Davamlı internetimiz olmasa da, nəticələrimiz yaxşı idi. Ümumilikdə mühəndislik düşüncə tərzimin və texniki bazamın əsası məhz bu dövrdə formalaşıb. Burada ailəmlə yanaşı, rayon məktəbinin də rolu böyük olub.
- Rayon məktəbi ilə bağlı mövcud stereotiplərə baxmayaraq, siz bu mühitin rəqabət qabiliyyətinizə təsir etdiyini vurğulayırsınız. Bu təsiri hansı amillərlə izah edərdiniz?
- Gənclər üçün rayon məktəblərində daha çox potensial olduğunu düşünürəm. Uşaq yaşlarımızdan böyük siniflərlə rəqabət aparırdıq. Dərsliklərdə gördüyümüz eksperimentləri real həyatda təkrarlamağa çalışırdıq. Məsələn, 7-ci sinifdə bacımın kimya kitabında Hofman cihazı ilə sudan hidrogen alınması haqqında məlumatı oxudum və bunu tətbiq etdik. Bakıda bunu danışanda insanlar təəccüblənir, amma biz sadəcə kitab materialını tətbiq edirdik. Rayonda böyümək bizdə güclü rəqabət hissi formalaşdırdı. Şəhərə gəlmək məqsədimiz var idi və bunun üçün daha çox çalışmalı olduğumuzu anlayırdıq. Seçdiyimiz sahələr rayon mühitində geniş yayılmamışdı və inkişaf etmək üçün daha çox səy göstərməli idik. Universitetə qədər Bakıya yalnız yarış və mükafatlandırma tədbirləri üçün gəlirdik. Bakı bizim üçün həmişə yeni məqsədlərin simvolu olub. Universitetə qəbul olduqdan sonra bu enerji daha da artdı. Şəhərə gəlib əliboş qayıtmaq bizim üçün ən böyük qorxu idi. Buna görə daim yuxarı pillədə qalmaq üçün çalışmalı idik.
"Layihələrə qoşulmaq üçün Oksfordda oxumağa ehtiyac yoxdur"
- Bakıya gəldikdən sonra da ideyalarınız tükənməyib, hətta layihələriniz sərhədləri aşıb, okeanın digər tərəfinə çatıb. 1-ci kurs tələbəsi üçün bu proses çətin deyildi?
- Bəli, Aviasiya Akademiyasına daxil olduğum ilk ildən müxtəlif layihələr üzərində işləməyə başladım. Nəticənin nə olmasından asılı olmayaraq, hər müsabiqəyə qatılırdım. Çünki düşünürdüm ki, yalnız standart universitet təhsili ilə uğur qazanmaq çətindir. Minlərlə insan universiteti bitirir, amma gələcək fəaliyyət üçün tək diplom kifayət etmir. İnsan mütləq öz üzərində işləməli və fərqlənməlidir. 1-ci kursdan başladığım üçün dəfələrlə uğursuzluqla qarşılaşdım. Çox insanın 30-35 yaşında qarşılaşdığı çətinliklərlə daha erkən yaşlarda üzləşirdim. Psixoloji olaraq buna öyrəşmək çətin idi, amma zamanla bunun normal olduğunu başa düşdüm. İkinci kursu bitirdikdən sonra işlədiyimiz qrupla birlikdə İT sahəsinə də daxil olduq. Maliyyə problemlərimiz olsa da, öhdəsindən gəldik. Proqramlaşdırmanı öyrəndim və proqramlaşdırma ilə aviasiyanı birləşdirən layihələrdə iştirak etməyə başladım. 2018-2019-cu illərdə ABŞ-də keçirilən peyk layihəsinə qatıldıq. Bu, konserv qabı ölçüsündə peyklərin layihələndirilməsi yarışması idi. Dünya üzrə 400 komanda iştirak edirdi və biz finala çıxan 30 komanda arasında idik. Komanda üzvləri ilə yataqxanada qalır və birlikdə hazırlaşırdıq. Layihə zamanı çox şeyi sıfırdan öyrəndik. Yadımdadır, komandada bəziləri hələ elektrik lampasının necə işlədiyini yeni öyrənirdi, amma özümüzə güvənərək prosesin içində öyrənirdik. Belə layihələrdə iştirak etmək üçün mütləq xaricdə təhsil almağa ehtiyac yoxdur. Əsas odur ki, başlamaq və potensialı göstərmək lazımdır. Mütləq sizin potensialınızı görüb dəstəkləyəcək insanlar tapılacaq.
- Gənclər Azərbaycanda investorların olmamasından da şikayətlənirlər.
- İnvestor var, sadəcə onlar sizin potensialınıza inanmalıdırlar. Potensialınızı göstərdikdə, investor da sizi tapır. 400 komandadan 300-ü ilk mərhələdə çıxmasına baxmayaraq, biz növbəti mərhələdə potensialımızı göstərdik və dəstək almağa başladıq. Yəni belə layihələrə qoşulmaq üçün Oksfordda oxumağa ehtiyac yoxdur. Başlayın, bacarığınızı göstərin, mütləq sizi dəstəkləyən tapılacaq. Peyk layihəsi ilə Amerikaya dəvət almışdıq. 20 yaşlı tələbə üçün bu, böyük arzu idi. Pandemiya səbəbindən gedə bilmədik. Amma dayanmadıq. Sentyabrdan sonra yenidən şəhərə qayıdıb layihəni davam etdirdik. Daha sonra müharibə başladı və bizi istehsalat sahəsinə cəlb etdilər. Müharibə dövründə dronların yaradılması, təmiri və tətbiqi, zədələnmiş dronların bərpası və əsgərlərə istiqamət verilməsi işlərində iştirak etdik.
- Tələbələrin PUA yaratması çoxlarına qeyri-real görünürdü deyirsiniz. Maddi təminatınız olmadan bunu necə reallaşdırdınız?
- Bu işlərə başlayarkən əsas məqsədimiz pul qazanmaq deyildi. Bu sahədə fəaliyyətə 2018-2019-cu illərdə başlamışıq, amma ilk gəlirimizi 2021-ci ildə əldə etmişik. Düzdür, akademiyada işləmək üçün hər bir şərait yaradılmışdı. Amma gəlir bizim üçün heç vaxt əsas motivasiya olmayıb. Bununla yanaşı, tez-tez "Azərbaycan hara, bu sahə hara?" kimi sözlər eşidirdik. Amma bu fikirlərə çox əhəmiyyət vermirdik. Məncə, insanın ideyası varsa, nəticənin nə olacağından asılı olmayaraq cəhd etməlidir. Layihələrdə borca düşdüyümüz vaxtlar da olub, amma bu da bizi qorxutmayıb. Məni daha çox qorxudan gələcəkdə müəyyən yaşa çatanda "bunu niyə sınamadım?" hissidir. Ona görə də edib peşman olmağı, etməyib peşman olmaqdan üstün tuturam. Çox görürəm ki, 35-40 yaşlarında insanlar "gərək bunu sınayardım" deyirlər. Mən bunu demək istəmirəm.
"18 min hektar ərazinin mina xəritəsinin hazırlanmasına töhfə verdik"
- Vətən müharibəsi dövründən PUA-ların istehsalı və təmiri sahəsində çalışmısınız. Bu sahəyə gələndə düşünürdünüzmü ki, nə vaxtsa müharibə başlayacaq və siz hərbi məqsədlər üçün çalışacaqsınız?
- Biz dron sahəsinə başlayanda bu texnologiyanı insanlar daha çox toy çəkilişlərində görürdülər. Kimlə danışırdıqsa, soruşurdular ki, dronları toy çəkilişləri üçün hazırlayırsınız? Gənclər bəzən yalnız mövcud mühitə uyğunlaşır və ətrafda baş verənləri müşahidə etməklə kifayətlənirlər. Düşünürdüm ki, insanların atdığı kiçik addımlar gələcəkdə böyük nəticələrə çevrilə bilər. Biz də dron sahəsinə bu düşüncə ilə başladıq. Amerika layihəsində də məqsədimiz öyrənmək və öyrəndiklərimizi ölkəyə gətirmək idi. Əgər bir sahə artıq haradasa inkişaf edibsə, orada lider olmaq çətindir. Ona görə də yeni imkanların olduğu, hələ tam formalaşmamış sahələrdə fəaliyyət göstərmək daha effektivdir. Müharibə bitdikdən sonra da fəaliyyətimizi davam etdirdik. 2021-ci ildə Qarabağda mina axtarışı işlərinə cəlb olunduq. Bu işlərdə ANAMA ilə yanaşı, xarici şirkətlər də iştirak edirdi. Onlardan biri ingilis şirkəti idi və İraq da daxil olmaqla müxtəlif ölkələrdə mina axtarışı ilə məşğul olmuşdu. Qarabağ bölgəsində fəaliyyətə başlayanda onlar bəzi texniki problemlərlə üzləşdilər və bir neçə uçuş aparatını itirdilər. Daha sonra bizə müraciət etdilər. Orada baza stansiyaları qurduq və bir həftə ərzində beş uçuş aparatını yenidən uçuşa hazır vəziyyətə gətirdik. Həm mühəndis kimi dronları yığır, həm də pilot idarəetməsində iştirak edirdim. Bu iş nəticəsində 18 min hektar ərazinin mina xəritəsinin hazırlanmasına töhfə verdik. Mənim üçün ən böyük uğur o idi ki, ingilis şirkətinin nümayəndələri Azərbaycanın bu səviyyədə texnoloji potensiala malik olduğunu bilmədiklərini etiraf etdilər.
- Adətən bu sahədə uğur qazanan mütəxəssislər xaricdən təkliflər alır və ölkəni tərk etməyi düşünürlər.
- Xarici şirkətlərdən bir çox təkliflər almışam. Xüsusilə Teknofest yarışmasında qalib olduqdan sonra bu təkliflər daha da artdı. Türkiyə, Kanada və ABŞ-dən müxtəlif əməkdaşlıq təklifləri olub. Bəzi şirkətlərlə məsafədən iş formatında əməkdaşlıq da etmişik. Amma mən heç bir ölkəni daimi yaşayış yeri kimi görmürəm. Xaricə getmək mənim üçün əsas məqsəd deyil. Daha çox xaricdə əldə etdiyim bilik və təcrübəni ölkəmə gətirməyi düşünürəm. Xüsusilə doğulduğum rayona bağlılığım böyükdür. Özümü ölkəm qarşısında borclu hiss edirəm. Xaricdə artıq qurulmuş sistemlərdə işləmək nisbətən asandır. Amma mən sıfırdan yaratmaq prosesindən zövq alıram. Öz gücüm hesabına qurduğum işlər mənə daha böyük motivasiya verir. Həyata bir növ oyun kimi baxıram: qarşıda tapşırıq olur, onu yerinə yetirirsən və nəticədə mükafat qazanırsan.
"Medallarımı Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təqdim etdi"
- Teknofest tarixində ilk dəfə sizin komanda iki layihə ilə birinci yer tutub. Bu necə baş verdi?
- Qarabağdan qayıtdıqdan sonra magistraturanın I kursunda təhsil alırdım. İlk mərhələdə Teknofest yarışmasına qoşulmaq fikrim yox idi. Komandamızda olan tələbə yoldaşım məsləhət almaq üçün mənə müraciət etdi. Komanda qurduq və dörd nəfərlik heyətlə iki layihə ilə yarışmaya qatılmağa qərar verdik ki, ən azı birindən nəticə əldə edək. Nəticədə Texnofest tarixində ilk dəfə bir komanda iki layihə üzrə birinci yeri qazandı. Medal və mükafatlarımızı Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təqdim etdilər.
- Və Prezident mükafatı... Bu mükafat sizdə daha çox təzyiq, yoxsa motivasiya yaratdı?
- Bu mükafat mənə sevincdən daha çox məsuliyyət hissi yüklədi. Əvvəllər sadəcə arzu kimi görünən məqsədlər zamanla həyat missiyasına çevrilir. Artıq nəticə əldə etmək istək yox, məsuliyyət kimi qəbul olunur. Çətin anlarda bəzən düşünürsən ki, geri çəkilmək şansın yoxdur. Amma məhz bu yanaşma daha çox çalışmağa motivasiya verir.
Oxşar xəbərlər
Ballıca sakini: "Elə sevinirik ki, yenidən öz yurdumuza qayıtdıq"
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Ballıca kəndinə səfər edilib. Ballıca kəndi Xocalı şəhər mərkəzindən təxminən 10 kilometrdən bir qədə...