Vəfat edən şəxsin pensiya kapitalı varislərə verilə bilər? - VACİB AÇIQLAMA

Vəfat edən şəxsin pensiya kapitalı varislərə verilə bilər? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 227

Vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsi uzun illərdir müzakirə mövzusudur.

BAKU.WS-in məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc dünya təcrübəsində tətbiq olunan əsas modelləri izah edib.

Onun sözlərinə görə, dünyada əsasən iki pensiya sistemi mövcuddur.

1. Dövlət təminatlı pensiya sistemi

Bu modeldə təminatçı rolunda dövlət çıxış edir. Vətəndaşın ödədiyi sosial sığorta haqları ümumi sistemdə toplanır və pensiya yaşına çatdıqdan sonra aylıq ödəniş şəklində verilir.

Vüqar Oruc bildirir ki, bu sistemdə vətəndaş vəfat etdikdə yığılan vəsait miras hesab olunmur və birbaşa varislərə ötürülmür:

"Məbləğ yalnız şəxsin yaşadığı müddətdə ödənilir. Hazırda Azərbaycanda da bu model tətbiq olunur. Bununla belə, dəfn pulu verilir, ailə başçısını itirməyə görə pensiya mexanizmi mövcuddur və müəyyən hallarda ailə üzvləri sosial təminat alırlar.

Rusiya, Fransa və bir sıra digər ölkələrdə də oxşar sistem qüvvədədir".

2. Fond (yığım) sistemi

İkinci model isə fərdi yığım fondları üzərində qurulur. Bu halda vətəndaşın adına xüsusi fond yaradılır və toplanan vəsait ona məxsus olur. Şəxs pensiya dövründə həmin vəsaiti mərhələli şəkildə alır.

Ən vacib fərq isə budur: vətəndaş vəfat etdikdə fonda yığılmış məbləğ miras kimi varislərə ötürülə bilir.

Vüqar Orucun sözlərinə görə, İsveçrə və bəzi digər ölkələrdə bu model geniş tətbiq edilir:

"Bundan əlavə, bir çox ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir və vətəndaş istədiyi vaxt əlavə ödəniş edə və ya müəyyən şərtlərlə vəsaitini geri götürə bilir".

Azərbaycanda dəyişiklik mümkündürmü?

AQC sədri hesab edir ki, hazırkı iqtisadi və maliyyə şərtlərində Azərbaycanın mövcud sistemdən tam fərqli modelə keçidi real görünmür:

"Çünki bu, dövlət üçün ciddi maliyyə yükü yarada bilər. Bununla belə, sosial ədalət baxımından vətəndaşın illərlə ödədiyi vəsaitin pensiya yaşına çatmadan itirilməsi mübahisəli məsələdir.

Əgər vətəndaş ömür boyu çalışaraq vəsait toplayıbsa, onun qəfil vəfatı zamanı həmin məbləğin ailəsinə verilməsi daha ədalətli olardı.

Gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklərin mümkün ola biləcəyi istisna edilmir. Perspektivdə vətəndaşların pensiya kapitalından müəyyən hallarda istifadə imkanlarının genişləndirilməsi müzakirə oluna bilər.

Son xəbərlər