Universitetlər rayonlara köçürülə bilərmi? - Deputatadan VACİB AÇIQLAMA
"ABŞ-də ən güclü və ilk onluqda yer alan universitetlərin yerləşdiyi ərazilərə baxdıqda görürük ki, onların əksəriyyəti böyük şəhər mərkəzlərində deyil, daha kiçik şəhər və qəsəbələrdə yerləşir. Bu, universitetin yerləşdiyi əraziyə necə böyük iqtisadi təsir göstərə bildiyini nümayiş etdirir".
BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, universitetin hər hansı rayonda fəaliyyətə başlaması həmin bölgənin inkişafına ciddi təkan verə bilər:
"Əslində, universitet yalnız təhsil müəssisəsi deyil, eyni zamanda böyük iqtisadi və sosial mərkəzdir. Universitetin bölgədə yerləşməsi, müəyyən mənada, həmin ərazidə böyük bir müəssisənin və ya zavodun fəaliyyət göstərməsinə bənzəyir.
Təbii ki, Bakıda fəaliyyət göstərən aparıcı universitetlərdən birinin regiona köçürülməsi və ya orada böyük kampusun yaradılması daha geniş imkanlar yarada bilər. Bölgədə universitet üçün daha böyük və müasir kampus inşa etmək, tələbələr üçün lazımi infrastrukturu formalaşdırmaq mümkündür.
Təsəvvür edək ki, belə bir universitetin 20 min tələbəsi var. Bu, eyni zamanda həmin rayonda 20 min potensial istehlakçının formalaşması deməkdir. Bundan əlavə, universitetdə çalışan bir neçə min müəllim-professor və texniki heyəti də nəzərə almaq lazımdır. Tələbələrin ailə üzvləri, dostları və onları ziyarət edən şəxslər də regiona əlavə insan axını yaradır.
Nəticədə həmin ərazidə xidmət sektoru genişlənir. Tələbələrin artması kafe, restoran, mağaza, kirayə mənzil, nəqliyyat və digər xidmətlərə tələbatı artırır. Tələbin yüksəlməsi isə sahibkarların həmin bölgəyə daha çox sərmayə yatırmasına, yeni bizneslərin yaranmasına və investorların regiona marağının artmasına səbəb olur.
Beləliklə, universitetin bölgəyə köçürülməsi yalnız təhsil sahəsinə deyil, bütövlükdə regionun iqtisadi inkişafına təsir göstərir. Bir tərəfdən bölgədə yeni iş yerləri yaranır və xidmət sektoru inkişaf edir, digər tərəfdən isə yerli biznes üçün yeni imkanlar formalaşır.
Bununla yanaşı, belə addım Bakının yükünün azaldılmasına da kömək edə bilər. Böyük sayda tələbə və universitet əməkdaşının regionlara yönəlməsi paytaxtda nəqliyyat, yaşayış və digər infrastrukturlara olan təzyiqi müəyyən qədər azaldar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu "İnnovativ İnşaat Metodologiyası" üzrə qalib olub
Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal)...