Pulsuz yemək, ödənişsiz yataqxana - Universitetlərimiz tələbələrə hansı güzəştlər edir? - SORĞU/FOTO

Pulsuz yemək, ödənişsiz yataqxana - Universitetlərimiz tələbələrə hansı güzəştlər edir? - SORĞU/FOTO
Sosial 621

Bir çox ölkələrdə tələbələrə müəyyən güzəştlər olunur. Məsələn, perspektivi olan tələbələrə illik ödənişin minimuma endiriliməsi və ya ləğv edilməsi, universitetin yeməkxanasında pulsuz və ya minimum qiymətə qidalanma və s. Eyni zamanda, ictimai nəqliyyatdan istifadədə minimum qiymətlər və ya pulsuz istifadə bir çox ölkələrdə tətbiq olunur. Bəs Azərbaycanda tələbələrlə bağlı vəziyyət nə dərəcə ürəkaçandır?

Təhsil eksperti Rizvan Fikrətoğlu isə bildirib ki, bu kimi güzəştlər universitetlərin daxili məsələləridir:

“Gələcəkdə düşünülür ki, tələbələr üçün ictimai nəqliyyatdan istifadədə müəyyən güzəştlər olunsun. Ancaq hazırda tələbə üçün ictimai nəqliyyat ödənişlidir. Düşünürəm ki, ən azında ictimai nəqliyyatdan istifadənin ödənşsiz olması tələbənin maddi yükünə az da olsa, müsbət təsir edəcək. Bunun üçün təkcə Təhsil Nazirliyi yox, universitetlər də müəyyən addımlar atmalıdır.”

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı bəzi universitetlərin mətbuat xidmətləri açıqlama verib. Onlar tələbələrə hansı güzəştlərin edildiyi və gələcəkdə edilib-edilməməsinin mümkünlüyü haqqında söz açıblar.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetdə 11 minə yaxın tələbə təhsil alır, 60%-i dövlət hesabınadır:

“Azərbaycan Respublikasının qanunvericiliyən əsasən təhsil haqqının universitet tərəfindən ləğv olunması kimi hüquqi prossedur yoxdur. Ancaq müəyyən şəkildə - universitetin daxili büdcəsi hesabına illiyin ödənilməsi əvəzlənə bilər.

Bizim universitetlə partnyor olan şirkətlərə ictimai fəaliyyətdə fəal olan, təhsildə böyük nailiyyətlər əldə etmiş, sosial cəhətdən ehtiyacı olan tələbələrin adlarının siyahısı göndərilir. Onlar da tələbələrin təhsil haqqlarını, müəyyən ehtiyaclarını qarşılayırlar. Rəhbərlik səviyyəsində də bu prosseslər həyata keçirilir və nəzarət olunur.

Universitetdə 50-ə yaxın tələbə universitetin yeməkxanasında pulsuz qidalanırlar. Bu prosses isə onların ictimai təşkilatlara müraciəti əsasında olunur. Belə ki, onlara xüsusi talonlar verilir ki, bu da onların pulsuz qidalanması üçün yeməkxanaya təqdim etdiyi vərəqədir.

Tələbələrin ictimai nəqliyyatdan istifadəsi üçün Təhsil Nazirliyinə müraciət etmək kimi bir mexanizm yoxdur. Amma düşünürəm ki, bununla bağlı müəyyən müzakirələr gedir. Belə bir şey həyata keçərsə, bizim universitet də müəyyən addımlar atacaq.

Qeyd etmək istərdim ki, AZMİU-nun yataqxanası ölkənin ən böyük yataqxana komplekslərindən biri olub. Ancaq 90-cı illərdə məcburi köçkünlərin bir qismi həmin yataqxanalaraq yerləşdirilmişdi. Yalnız bir korpusumuza tələbələri yerləşdirmək mümkün olub. Onların da 20%-i ödənişsiz şəkildə həmin yataqxanada qalırlar. Ümumilikdə 400-ə yaxın tələbə həmin korpusa yerləşdirilib. Onlar bütün lazımi şəraitlə təmin olunublar.”

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova isə bildirib ki, AzTU-da tələbələrin maddi vəziyyətinə uyğun olaraq, təhsil haqqının hissə-hissə ödənilməsinə imkan yaradılır:

“AzTU yeməkxanasında qiymətlər eynitəyinatlı obyektlərdə təqdim olunan qiymətlərdən kifayət qədər aşağıdır. Qiymətlərin münasib olması rəhbərliyin nəzarətindədir. İctimai nəqliyyatın tələbələr üçün ödənişsiz olub olmaması isə universitetin səlahiyyətlərinə aid olan məsələ deyil. AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək.”

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova isə bildirib ki, universitetlərindəki demək olar bütün tələbələr perspektivlidir:

“Prezident təqaüdçülərimiz də çoxluq təşkil edir. Ancaq universitet həyatında elmi işləri ilə bağlı uğur əldə etmiş tələbələrə xaricə getmək şansı yaradıb. Universitet həmin tələbələrin elmi işlərinin tanınması üçün onların bütün xərclərini qarşılayır. İl ərzində bu kimi tələbələr müxtəlif xarici ölkələrə göndərilir. Bu da təbii ki, universitet hesabınadır. Qeyd etmək istəyirəm ki, bir qrup tələbə sentyabr ayında Niderlandın paytaxtı Amsterdama göndəriləcək.

Şəhid ailələrində olan və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir. Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir.”

Son xəbərlər