Tək qalmaq seçimdir, tənhalıq isə psixoloji izolyasiya – Psixoloqdan izah

Tək qalmaq seçimdir, tənhalıq isə psixoloji izolyasiya – Psixoloqdan izah
Sosial 121

Müasir dövrdə bir çox insanın sosial əlaqələrdən uzaq durması, tək qalmağa meyilliliyi artmaqdadır. Bu hal bəzən şəxsi seçim kimi görünsə də, bəzi hallarda tənhalığa və psixoloji narahatlıqlara səbəb ola bilər.

Mövzu ilə bağlı kliniki psixoloq və psixoterapevt Rövşən Nəcəfov BAKU.WS-ə bildirib ki, insanın gözləntiləri ilə reallıq üst-üstə düşmədikdə, sosial statusu, şəxsi münasibətləri və ictimai rolu zədələnə bilər. Bu isə insanı sosial izolyasiyaya və emosional təcridə aparır.

"Əvvəlki münasibətlərdə istismar və ya emosional travma yaşamış insanlar, sonrakı dövrlərdə əlaqələrdən uzaq duraraq özlərini qorumağa çalışırlar. Bəzi insanlar isə ümumiyyətlə cəmiyyətin yazılmış və ya yazılmamış qaydaları ilə yaşamaq istəmir, onu özlərinə yük hesab edirlər", – deyə mütəxəssis vurğulayıb.

Rövşən Nəcəfov bildirir ki, tək qalmaq insanın şəxsi seçimi, tənhalıq isə subyektiv və narahatlıq doğuran bir haldır:

"Tək qalmaq – insanın özünü müvəqqəti olaraq başqaları ilə münasibətdən məhdudlaşdırmasıdır. Bu hal bəzən istirahət, bəzən isə özünü dərk etmək üçün fürsətdir. Tənhalıq isə ətraf aləmdən emosional olaraq uzaqlaşmaq və insanın özünü yad hiss etməsidir."

Mütəxəssis qeyd edir ki, yaradıcılıqla məşğul olan insanlar arasında tək qalmağa meyil daha çox müşahidə olunur. Bu isə onların daxili düşüncə və hiss dünyası ilə daha dərin əlaqədə olmaları ilə bağlıdır.

Lakin əgər insanın uzunmüddətli təcridi iş həyatına, şəxsi münasibətlərinə və sosial fəaliyyətinə mənfi təsir göstərirsə, artıq bu hal depressiya və digər psixoloji pozuntulara səbəb ola bilər.

Rövşən Nəcəfovun fikrincə, insanın təkliyi əgər seçim yox, çarəsizlik, ağrı və sosial çəkingənliklə müşayiət olunursa, bu, artıq patoloji tənhalıq sayılır və həmin şəxs psixoloji dəstəyə ehtiyac duyur.

Şahanə Xankişiyeva

Son xəbərlər