Şagird valideynlərinə XƏBƏRDARLIQ - Vəziyyət ciddidir

Şagird valideynlərinə XƏBƏRDARLIQ - Vəziyyət ciddidir
Sosial 775

"Son zamanlar balaca yaşlı uşaqlarda bel və boyun ağrıları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Halbuki, illər öncə bu hallar daha nadir rast gəlinirdi".

Bunu BAKU.WS-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəhbəri, fizioterapevt Səidə Kərimova deyib.

Onun sözlərinə görə, uşaqlarda onurğa əyrilikləri ilə bağlı vəziyyət çox ciddidir.

"Bu həftə mənə 11 yaşlı bir qız uşağı bel ağrısı və beldə protrusiya diaqnozu ilə gətirilib. 16 yaşlı uşaqlarda isə artıq bel yırtığı kimi ağır problemlərlə qarşılaşırıq. Bu, həm bir həkim, həm də bir valideyn olaraq məni ciddi narahat edir".

Həkim bildirir ki, əsas səbəblərdən biri uşaqların daşıdığı ağır və narahat məktəb çantalarıdır. İnkişafda olan onurğa üçün bu çantalar əlavə yük sayılır. Əgər bu yük normadan artıqdırsa, bu, skolioz, kifoz kimi onurğa əyriliklərinin yaranmasına təkan verə bilər.

Şöbə rəhbəri valideynlərə xəbərdarlıq edərək vurğulayıb ki, məktəb çantasının çəkisi uşağın ümumi çəkisinin 10%-ni keçməməlidir:

"Məsələn, 30 kiloqramlıq bir uşağın çantası maksimum 3 kiloqram olmalıdır. Halbuki, reallıqda bu çantalar 6-7 kiloqrama, bəzən isə daha da çox çəkiyə çatır. Bu isə bel, boyun və çiyin ağrılarının artmasına, hətta erkən yaşlarda onurğa disk problemlərinin yaranmasına səbəb olur. Valideynlər ilk əlamətləri vaxtında görə bilməlidirlər. Bunlar uşağın boynunun irəliyə doğru əyilməsi, qozbel duruş (kifotik görünüş), kürəklərin assimmetrik və ya bir tərəfin daha çox qabarması, çanağın əyilməsi, daimi bel və boyun ağrıları hallarıdır".

Banu Hüseynli

Son xəbərlər