Niyə məhz Rusiya? - Yerli kənd təsərrüfatı məhsullarımızı hansı ölkələrə sata bilərik? - Deputat açıqladı

Niyə məhz Rusiya? - Yerli kənd təsərrüfatı məhsullarımızı hansı ölkələrə sata bilərik? - Deputat açıqladı
Foto
Sosial 94

Azərbaycan kənd təsərrüfatı məhsullarının, xüsusilə pomidor, xiyar, nar və alma kimi meyvə-tərəvəzin əəsas ixrac ünvanı illərdir Rusiya bazarıdır. Lakin dəyişən dünya özlüyündə yenilik tələb edir. Bəs görəsən niyə Azərbaycan illərdir Rusiyadan başqa ölkə bazarına "ögey" yanaşır? Niyə ixrac dedikdə ilk ağıla Rusiya gəlir? Yeni bazar axtarışı üçün nələr edilməlidir?

BAKU.WS bu suallara cavab tapmaq üçün Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərovla həmsöhbət oldu.

Deputat bildirdi ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı çox yüksəkdir və bu, bir neçə illərdir sabit şəkildə qorunub saxlanılır:

Niyə məhz Rusiya? - Yerli kənd təsərrüfatı məhsullarımızı hansı ölkələrə sata bilərik? - Deputat açıqladı

"Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında əsas pay sahibi Rusiyadır. Biz kənd təsərrüfatı məhsullarının yuxarı faizini - pomidor və xiyarın ixracının isə 80%-ni Rusiya bazarlarına ixrac edirik. Təbii olaraq burada əsas alıcı, ən böyük bazar Rusiya olub. Zaman-zaman hər hansı problem çıxdıqda biz Rusiyanın bir neçə sanksiyasına məruz qalmışıq. Lakin bunlar kütləvi hal almayıb. Azərbaycan və Rusiya arasında münasibətlər normal məcrada olub"- deputat qeyd edib.

Vüqar İskəndərovun sözlərinə görə, iki ölkə arasında əlaqələrdə bəzən soyuqluq müşahidə olunsa da, bu, iqtisadi əməkdaşlığa ciddi təsir göstərməyib. O, yaxın günlərdə Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan görüşü də buna nümunə kimi dəyərləndirib.

"Həmin görüş bir daha göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji səviyyədədir. Lakin biz eyni zamanda digər bazarlara da çıxışı təmin etməliyik," - deputat vurğulayıb.

İskəndərov hesab edir ki, alternativ bazarlar kimi Orta Asiya ölkələri (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) daha perspektivli istiqamətlər ola bilər:

"Düzdür, Özbəkistan özü də ixracatçı ölkədir, lakin zamanla həmin bazarlarda kifayət qədər yer qazanmaq mümkündür. Belarusiyanı da unutmamalıyıq. Hətta ölkəmiz üçün bir qədər uzaq olan yeni bazarlar da axtarıla bilər," – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, hazırda İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan strukturlar bu istiqamətdə aktiv iş aparır. Məqsəd yeni marşrutlar tapmaq və Azərbaycan məhsullarını daha çox bazarda tanıtmaqdır.

Bununla yanaşı, fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərinin də vacibliyinə diqqət çəkən deputat bildirib ki, subsidiyalar, güzəştli kreditlər və uzunmüddətli maliyyə alətləri sahənin inkişafına müsbət təsir göstərir:

"Əsas problem çox vaxt məlumatsızlıqdır. Dövlətin kənd təsərrüfatı sahəsində çalışan insanlara verdiyi dəstəklər bir çox qabaqcıl ölkədən daha yaxşı formadadır. Sadəcə bu imkanlardan daha geniş istifadə olunmalıdır", - Vüqar İskəndərov deyib.

Deputat hesab edir ki, qeyri-neft sektorunda iki əsas sahə - turizm və aqrar istehsal Azərbaycan iqtisadiyyatının gələcəyi baxımından prioritetdir:

"Ərzaq təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dövlət bu sahəyə xüsusi diqqət ayırır və yeni alətlərin yaradılması hər zaman gündəmdə olacaq", - o vurğulayıb.

Banu Hüseynli

Son xəbərlər