Təhsil işçiləri "veteran müəllim" statusu almaq istəyir - Güzəştlər nəzərdə tutulub?

"Azərbaycanda pedaqoji fəaliyyətə 30-40 ilini həsr etmiş müəllimlərin təqaüd yaşına çatdıqdan sonra sosial status və hüquqları ilə bağlı sistemli və hüquqi əsaslara malik bir mexanizm mövcud deyil. Hüquqi sənədlərdə "veteran müəllim" anlayışı ümumiyyətlə tanınmır. Halbuki bu kateqoriyaya aid şəxslərin cəmiyyətə verdiyi töhfə təkcə təhsil sisteminin deyil, milli mənəvi dəyərlərin, vətəndaşlıq şüurunun formalaşmasında da əvəzsizdir. Lakin bu töhfənin nə hüquqi, nə də sosial baxımdan tanınması bu sahədə ciddi boşluğun mövcudluğunu göstərir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib
Onun sözlərinə börə, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda, eləcə də "Əmək Məcəlləsi"ndə uzunmüddətli pedaqoji fəaliyyətə görə xüsusi statusun tanınmasına dair heç bir norma yer almır:
"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxmaq üçün 63 yaş və ən azı 25 il sığorta stajı tələb olunur. Lakin müəllimlik kimi xüsusi ixtisas, yüksək məsuliyyət və psixoloji yüklə müşayiət olunan bir peşə üçün bu tələblər standart olaraq bütün peşələrə tətbiq edilir. Bu isə müəllimlik peşəsinin ictimai və strateji çəkisini nəzərə almadan, onu sıravi əmək fəaliyyəti səviyyəsində qiymətləndirmək deməkdir.
Əvvəllər mövcud olmuş "Əmək veteranı haqqında" Qanun bu baxımdan müəyyən ümidlər doğururdu. Lakin həmin qanun 2016-cı ildən qüvvədən düşdü və yeni sistemdə nə "əmək veteranı", nə də konkret olaraq "təhsil veteranı" anlayışı qorunmadı. Beləliklə, uzun müddət pedaqoji sahədə çalışan müəllimlərə verilən yeganə təşəkkür onların pensiyaya çıxarkən kollektiv tərəfindən təqdim olunan çiçək və diplomlarla məhdudlaşdı".

Ekspert əlvə edib ki, dünyanın inkişaf etmiş ölkələrində isə veteran müəllim statusu həm hüquqi, həm də sosial baxımdan ciddi şəkildə qorunur:
"Məsələn, Finlandiyada 30 ildən artıq pedaqoji fəaliyyət göstərmiş müəllimlərə dövlət tərəfindən "təhsil xidmətləri veteranı" statusu verilir və bu statusla onlara sanatoriyalarda pulsuz istirahət, illik əlavə təqaüd və nəqliyyatdan güzəştli istifadə hüquqları təqdim olunur. Rusiya Federasiyasında "Veteran Truda" statusu hüquqi olaraq tanınır və bu statusa sahib olan müəllimlərə kommunal ödənişlərdə 50 faizlik endirim, sanatoriyalara ödənişsiz bilet və əlavə aylıq təqaüd verilir. Türkiyədə "Uzman Öğretmen" və "Başöğretmen" statusu ilə 20 ildən artıq xidmət etmiş müəllimlərə təqaüdə çıxarkən əlavə bonuslar və pensiyaya əlavələr verilir.
Azərbaycanda isə pedaqoji xidmətin uzunömürlülüyünə görə heç bir sistemli mükafatlandırma yoxdur. Bu isə həm cəmiyyətin müəllimə olan münasibətinə, həm də gənc nəslin bu peşəyə marağına mənfi təsir göstərir. Əgər bir şəxs 40 il pedaqoji fəaliyyət göstərirsə, bu artıq təkcə əmək fəaliyyəti deyil, ictimai xidmət sayılmalıdır. Bu xidmətin dövlət tərəfindən qiymətləndirilməməsi isə sistemin öz dəyərlərindən uzaq düşdüyünü göstərir.
Müsbət tərəf odur ki, bəzi rayon və şəhər təhsil idarələri tərəfindən 40 il və daha artıq stajı olan müəllimlərə yerli səviyyədə təşəkkür məktubları, fəxri fərmanlar təqdim olunur. Lakin bu təşəbbüslər mütəmadi və sistemli xarakter daşımır, hüquqi baza ilə möhkəmləndirilmədiyindən şəxsi təşəbbüsdən o yana keçmir. Bu isə müəllimlərin hüquq deyil, sadəcə mərhəmətə bağlı simvolik diqqətə məruz qalmasına gətirib çıxarır".
Kamran Əsədov sonda vurğulayıb ki, əgər Azərbaycanda təhsil sisteminin gələcəyinə dair davamlı inkişaf hədəflənirsə, o zaman veteran müəllimlərin statusunun qanunvericiliklə tanınması, onlar üçün minimum sosial təminatların müəyyən edilməsi zəruridir:
"Bu statusun verilməsi üçün meyarlar – məsələn, 30 il və daha çox pedaqoji fəaliyyət, intizam cəzası olmadan işləmək, ictimai nüfuz sahibi olmaq – açıq şəkildə müəyyən edilməli və bu statusa sahib olanlara əlavə pensiya əlavəsi, pulsuz ictimai nəqliyyat, illik sanatoriya istirahəti, bayramlarda maddi mükafat, təhsil tədbirlərində məsləhətçi kimi iştirak hüququ verilməlidir. Bu status yalnız sosial dəstək deyil, həm də nümunəvi peşəkar davranışın gələcək nəsillərə ötürülməsi vasitəsi olacaq.
Veteran müəllim statusunun tanınması, təhsilin keyfiyyəti və müəllim nüfuzunun qorunması baxımından zəruridir. Bu həm də təhsildə islahatların sosial ədalət və peşəkar dəyər üzərində qurulmasının göstəricisi olacaq. Əgər təhsil strateji sahədirsə, bu sahəyə ömrünü həsr etmiş şəxslər də strateji statusla qiymətləndirilməlidir. Azərbaycanın təhsil sisteminə belə bir yanaşma yalnız hörmət gətirər".
Orxan Hüseyn
Oxşar xəbərlər
"Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri
İnternet resurslarının imkanları, həmçinin ölkəmizdə müasir Çin nəqliyyat vasitələrinə maraq "maşın bazarı"na ciddi təsir göstərib. Artıq avtomobil almaq arzusu...
