Taksi sürücülərinin NƏZƏRİNƏ! Oktyabrın 1-dən yeni qaydalar qüvvəyə minir

Taksi sürücülərinin NƏZƏRİNƏ! Oktyabrın 1-dən yeni qaydalar qüvvəyə minir
Sosial 3638

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarının necə həyata keçiriləcəyi açıqlanıb.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetiriləcək.

Həmçinin, layihəyə əsasən, Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

Taksi minik avtomobillərinin sürücülərinə dair də yeni tələblər müəyyənləşir.

Qanuna əsasən, Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hazırda xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. Layihəyə əsasən isə xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Cərimələrə gəldikdə isə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər