Sel təhlükəsi artır: Körpülər niyə tab gətirmir?

Sel təhlükəsi artır: Körpülər niyə tab gətirmir?
Sosial 69

İqlim dəyişiklikləri fonunda intensiv yağıntıların artması sel və daşqın risklərini daha da gücləndirir.

BAKU.WS-in məlumatına görə, bu isə xüsusilə infrastruktur obyektlərinə, o cümlədən körpülərə ciddi ziyan vurur və yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olur.

Son olaraq Umbakı qəsəbəsini birləşdirən körpünün sel nəticəsində dağılması bu risklərin artıq real təhlükəyə çevrildiyini bir daha göstərdi. Qeyd olunur ki, oxşar hadisələr daha əvvəl ölkənin şimal bölgələrində də baş verib və bu problem sistemli xarakter daşıyır.

Nəqliyyat eksperti Raud Ağamirzəyev hesab edir ki, belə hallarda ən effektiv çıxış yollarından biri müvəqqəti modul tipli körpülərin tətbiqidi:

"Bu tip konstruksiyalar qısa müddətdə quraşdırılır, ağır nəqliyyatın hərəkətinə imkan yaradır və dayanıqlı materiallardan hazırlandığı üçün uzunmüddətli istifadə üçün də yararlıdır. Eyni zamanda, onların üzərində piyadalar üçün təhlükəsiz keçidlər və qoruyucu elementlər də nəzərdə tutulur.

Beynəlxalq təcrübə də bu yanaşmanın effektivliyini təsdiqləyir. Xüsusilə Ukraynada tətbiq olunan modul körpülər fövqəladə hallarda dağılan nəqliyyat əlaqələrinin operativ şəkildə bərpasına imkan verib və müxtəlif regionlarda uğurla istifadə olunub".

Ekspertlər bildirir ki, artan iqlim risklərini nəzərə alaraq Azərbaycanda da bu sahədə qabaqlayıcı addımlar atılmalıdır:

"Belə ki, modul körpülərin ehtiyat fondunun yaradılması, fövqəladə hallarda sürətli quraşdırma mexanizminin hazırlanması və riskli ərazilər üzrə əvvəlcədən planlaşdırmanın aparılması vacib hesab olunur. Bu cür yanaşma yalnız fövqəladə vəziyyətlərdə operativ həll təqdim etmir, eyni zamanda regionların sosial-iqtisadi dayanıqlığını qorumağa da xidmət edir".

Son xəbərlər