Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
Sosial 32

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür.

Bu gün ölkəmizin hərbi quruculuğuna mühüm töhfə verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə təsis edilən Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq mühüm nailiyyətlər əldə edib.

Xidmət ötən illər ərzində səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi xidmətə çağırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, qanunvericiliyin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizə kimi sahələrdə uğurlu nəticələr əldə edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifələrindən biri səfərbərlik işinin təşkili və idarə olunmasıdır. Müharibə dövründə ehtiyatda olan hərbi vəzifəlilərin və nəqliyyat vasitələrinin Silahlı Qüvvələrə cəlb olunması istiqamətində mütəmadi təlimlər keçirilib. 2024-cü il ərzində Müdafiə Nazirliyi ilə birgə keçirilən təlimlər çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı artırılıb.

Müddətli həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2024-cü ildə də uğurla davam etdirilib. Çağırış prosesinin koordinasiyası məqsədilə Dövlət Xidmətinin aparatında Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib.

Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Ağcabədi, Şamaxı, Lənkəran, Gəncə, Biləsuvar və digər rayonlarda yuxarı sinif şagirdlərinin iştirakı ilə görüşlər təşkil edilib.

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmağa başlanıb. Bununla yanaşı, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında ilkin hərbi qeydiyyata alınan və çağırışçılar üçün tibbi müayinələr Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Dövlət Xidməti ölkədə aparılan rəqəmsallaşma islahatlarına uyğun olaraq tibbi müayinələr üçün göndərişlərin elektronlaşdırılması, nəticələrin SMS və "myGov" portalı vasitəsilə vətəndaşlara çatdırılması sistemini tətbiq edib.

Vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə 2024-cü ildə Salyan, Quba, Masallı, Sumqayıt, Gəncə və digər şəhərlərdə Xidmət rəisi Mürsəl İbrahimovun iştirakı ilə qəbul günləri təşkil olunub. Ötən il ərzində "Çağrı Mərkəzi"nə 24 000-dən çox müraciət daxil olub və operativ şəkildə cavablandırılıb.

Dövlət qurumlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Xidmət qanun pozuntularına yol verən 249 əməkdaş barəsində intizam tənbehi tədbirləri həyata keçirib, 13 əməkdaş vəzifəsindən azad edilib, 51 fakt üzrə 95 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib.

Dövlət Xidməti şəhid ailələri və müharibə veteranlarına xüsusi həssaslıqla yanaşır. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün tədbir keçirilib, həmçinin 44 günlük Vətən müharibəsində iştirak etmiş bir sıra veteranlar Dövlət Xidmətində işlə təmin edilib.

Ölkədə ekologiyanın qorunmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası təşkil edilib. "Yaşıl ASAN" ekoloji proqramı ilə əməkdaşlıq çərçivəsində istifadə olunmuş kağız tullantıları təkrar emala göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün fəaliyyətini uğurla davam etdirəcək.

Son xəbərlər