Şamaxıda təhlükə: Ev hər an sakinlərin başına uça bilər

Şamaxıda təhlükə: Ev hər an sakinlərin başına uça bilər
Video
Sosial 36

Şamaxı şəhəri Abbas Səhhət küçəsində yerləşən fərdi yaşayış evlərindən biri qəzalı vəziyyətə düşüb.

Məlumata görə, evdə ilk çatlar 2019-cu ildə baş verən zəlzələ zamanı yaranıb. Sonuncu dəfə isə 2026-cı il yanvarın 19-da qeydə alınan zəlzələ nəticəsində divarlarda yeni çatlar əmələ gəlib, tavan örtüyü uçub və ev yaşayış üçün təhlükəli hala düşüb.

Ev sahibi Natiq Babayev qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun şikayətinə baxılmayıb:

"2019-cu ildə güclü zəlzələ oldu, evim qəzalı vəziyyətə düşdü. İndi isə ardıcıl zəlzələlərdən sonra vəziyyət daha da pisləşib. Evdə yaşamaq mümkün deyil, ailəm qohumlarımın evində qalır".

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq komissiyası rayonumuza ezam olunub. Komissiya Şamaxı şəhəri Abbas Səhhət küçəsi, ev 2 ünvanında yaşayan Babayev Natiq Ələmdar oğluna məxsus fərdi yaşayış evinə də baxış keçirib və onun təmirə ehtiyacı olduğuna dair qərar verib.

Məsələ ilə əlaqədar podraçı təşkilat layihə-smeta sənədlərinə uyğun olaraq təmir işlərini həyata keçirib. Vətəndaş fərdi yaşayış evində fiziki köhnəlmə və digər səbəblərdən sonradan yaranan fəsadların aradan qaldırılmasına özü cavabdehdir.

2026-cı ilin yanvarın 19-da rayonda baş verən zəlzələ ilə bağlı isə qurumdan bildirilib ki, Natiq Babayev 2025-2026-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etməyib.

Son xəbərlər