Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər"

Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: Min manat cərimələnə bilərlər
Video
Sosial 42

Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsi, "Döngə 2" adlanan ünvanda kanalizasiya problemi sakinləri təngə gətirib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşlar kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suların evlərin qarşısına və həyətlərə dolduğunu deyirlər.

Yaranan vəziyyət həm antisanitar şərait yaradıb, həm də bəzi evlərin divarlarında çatların əmələ gəlməsinə səbəb olub.

Sakinlər bildirirlər ki, təxminən üç aydır davam edən vəziyyətlə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

"Gəlib baxırlar, deyirlər ki, maşın göndərəcəyik, xətt təzyiqlə açılacaq. Amma 15-20 gündür gözləyirik, problem həll olunmayıb. Nə həyətə çıxa bilirik, nə də pəncərəni aça bilirik", - deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda Abşeron Regional Su Ehtiyatları İdarəsinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

Qeyd olunub ki, ərazidə vətəndaşlar tərəfindən qanunsuz tullantı su xətləri çəkilib və çirkab sular həmin xətlərlə müxtəlif istiqamətlərə axıdılır. Tullantı su şəbəkəsinə çıxışı olmayan vətəndaşlara şəbəkə qurulana qədər fərdi şambo və ya çirkab su quyularından istifadə etmək tövsiyə olunur.

Bildirilib ki, vətəndaşlar tərəfindən divarları və dibi su keçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Quyular yaşayış və ictimai obyektlərdən 20-100 metr məsafədə yerləşməlidir, dolma həddindən asılı olaraq, ildə ən azı iki dəfə təmizlənməlidir. Tələblərə əməl edilmədiyi halda fiziki şəxslər 600 manatdan 1000 manatadək cərimələnə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər