Sahibkarlar daha bir il yoxlanılmayacaqlar?
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırıla bilər.
Baku TV-nin məlumatına görə, bununla bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təklif edilir.
Qeyd edək ki, 2015-ci ildən sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına başlanılıb. Lakin ötən müddətdə bir sıra sahələrdə yoxlamalar qanunun əhatə dairəsindən çıxıb.
Maraqlıdır, bəs güzəşt müddətinin uzadılmasının əhəmiyyəti nədən ibarətdir?
"Sahibkarlıq üzərində inzibati təzyiq azalır. Onlar rahat, yoxlamaların az olduğu, yaxud da olmadığı mühitdə öz fəaliyyətlərini daha yaxşı proqnozlaşdıra bilirlər. Bizneslərinin idarə edilməsində psixoloji təzyiq də aşağı düşür. Bundan başqa, yoxlamaların azalması kölgə iqtisadiyyatının azalmasına da müsbət təsir göstərir", - deyə mövzu ilə bağlı açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, sahibkarlar yoxlamaların dayandırılması məsələsində istehlakçıların hüquqları ilə bağlı məqamlarda sui-istifadəyə yol verirlər:
"Gələn şikayətlər, onların həllindəki problemlər göstərir ki, yoxlamaların məhdudlaşdırılması biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb. Onlar istehlakçı hüquqlarını pozan bütün mümkün imkanlardan istifadə edirlər: standartlara uyğun olmayan, təhlükəli mallar satırlar. Bu yolverilməzdir".
Oxşar xəbərlər
Paytaxtın hansı küçələrində sıxlıq var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...