Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"

"Qanun" nəşriyyatı və "Əli və Nino" kitab şəbəkəsi bu gün açılışı keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Musavat.com-a açıqlama verib.
Onun sözlərinə görə, əvvəlcə nəşriyyata sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, son anda həmin yerlər başqa təşkilatlara verilib:
"Bu, təşkilatçıların qurduğu oyundur və iki gündür ki, mən bu gərginliyi yaşayıram. Keçən sərgidə bizdən yer haqqı üçün 13 min manat tələb olundu və nəticədə ziyanla çıxdıq. İndi isə keçənilki yerimizi də başqalarına veriblər. Əvvəlcə "Qanun"a salonun ən sonunda yer ayırmışdılar, "Əli və Nino"ya isə ümumiyyətlə yer ayrılmadı".
Xuduoğlu bildirib ki, təşkilatçılarla aparılan danışıqlardan sonra əvvəlki yerlərinin bərpa ediləcəyi söz verilsə də, bu öhdəlik yerinə yetirilməyib:
"Dünən gün ərzində məsul şəxslərlə beş-altı dəfə danışdıq. Bizə söz verdilər ki, narahat olmayaq, əvvəlki yerimiz geri qaytarılacaq. Amma bu gün səhər işçilər kitabları yerləşdirməyə gedəndə onlara bildiriblər ki, həmin yer başqasına verilib. Əgər bizə şərait yaradılmırsa, sərgidə iştirak edə bilmiriksə, nə etməliyik? Buna görə də məcburən sərgi məkanını tərk edirik. Oxucularımızdan üzr istəyirəm və onlara daha sanballı tədbir təşkil edəcəyimə söz verirəm".
O qeyd edib ki, bu cür münasibət həm nəşriyyatlara, həm də oxuculara hörmətsizlikdir:
"İldə bir dəfə ələ düşən fürsəti də əlimizdən alırlar. Halbuki kitab sektoruna ən böyük töhfələri biz vermişik. Axı hansı səbəbə görə bizi sərgidən kənarda qoyurlar? Biz illərdir Bakı Beynəlxalq Kitab Sərgisinə qatılır, yüzlərlə müəllifin kitabını təqdim edir, onlarla tədbir keçirir, minlərlə oxucu ilə görüşürük. Təəssüf ki, hər il təşkilatçılardan eyni aqressiyanı görürük".
Oxşar xəbərlər
Ağdamda tikiləcək yaşayış binaları ilə bağlı YENİ XƏBƏR
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti binaların tikintisi ilə bağlı yeni tender elan edib. BAKU.WS-in məlumatına görə, lay...
