Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılarda çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü izləri aşkarlanıb.
Bu barədə BAKU.WS-ə İnstitutdan məlumat verilib.
Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış yerində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat aparıb, avqustda yoxlama şurfu qoyub. Stasionar qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan qazıntıda mədəni qat təxminən bir metr dərinliyədək izlənib.
Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92–93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb. Ekspedisiya keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını da aşkarlayaraq sənədləşdirib.
Qeyd edək ki, Təzəkənd abidəsini ilk dəfə 1936-cı ildə İ. P. Şeblıkin yerüstü kəşfiyyat zamanı qeydə alıb. Abidədə ilk sistemli tədqiqatları 1953–1957-ci illərdə A. A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası aparıb. Q. M. Əhmədovun 1957-ci ildə qoyduğu şurfda mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib. Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.
A. A. İessen və Q. M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərin Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər. Bu elmi qənaəti yoxlamaq və aşkarlanmış tikililərin planını dəqiqləşdirmək üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsinə, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunmasına ehtiyac var.
Qalereya
Oxşar xəbərlər
Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb
Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə və Heydər Əliyev mərkəzlərində çalışan işçilərin attestasiya prosesi həyata keçirilir. BAKU.WS xəbər verir ki,...