Rüşvət alan direktor haqda nazirlikdən – AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib:
"Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb”.
V.Şixəmmədov əlavə edib ki, hadisəyə hüquqi qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək: "Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq”.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Rüşvət alan direktor danışdı: "Yeni direktor olunmuşdum ki...." (VİDEO)
"Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”. Bu sözləri Gununsesi...