Rezidenturaya qəbulun nəticələri ELAN EDİLDİ

Rezidenturaya qəbulun nəticələri ELAN EDİLDİ
Sosial 12

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni "7727" nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 827 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 788 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini avqustun 19-da günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat avqustun 25-də saat 15:00-dan sentyabrın 3-də saat 18:00-dək davam edəcək. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaq. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə "mygov" platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər