Ramazanda uşaqlar oruc tuta bilərmi?
Ramazan ayı ailə dəyərlərinin daha da gücləndiyi, uşaqların dini və mənəvi mühitlə yaxından tanış olduğu xüsusi bir günlərdir.
BAKU.WS-in məlumatına görə, bu məqəddəs ayda təkcə böyüklər deyil, azyaşlılar da oruc tutmaq sevdasına düşürlər.
Maraqlıdır ki, uşaqlar oruc tuta bilərmi və hansı yaşdan etibarən bu tövsiyə olunur?
İslam qaydalarına görə, oruc ibadəti yetkinlik yaşına çatmış müsəlmanlara vacibdir. Uşaqlara isə oruc fərz deyil. Bununla belə, bir çox ailələr övladlarını Ramazana alışdırmaq üçün onları mərhələli şəkildə oruca həvəsləndirirlər.
Məsələn, İslam aləmində geniş yayılmış praktikaya görə uşaqlar əvvəlcə yarım gün oruc tutur, daha sonra isə tədricən tam günə keçirlər. Bu üsul həm fiziki, həm də psixoloji uyğunlaşmanı asanlaşdırır.
Mütəxəssislər bildirirlər ki, uşağın sağlamlıq vəziyyəti əsas meyardır. 7-10 yaş arası uşaqlara yalnız qısa müddətli və nəzarətli şəkildə oruc tutmaq tövsiyə oluna bilər. Yeniyetməlik dövründə isə (12–14 yaşdan sonra) sağlamlıq problemi yoxdursa, tam oruc daha real görünür. Xroniki xəstəliyi, qanazlığı, şəkər problemi və ya zəif immun sistemi olan uşaqların oruc tutması məsləhət görülmür.
Valideynlər xüsusilə susuzluq riskinə diqqət etməlidirlər. İmsak və iftar arasında uşağın halsızlıq, başgicəllənmə, ürəkbulanma kimi əlamətləri olarsa, oruc dərhal dayandırılmalıdır.
Qeyd edək ki, Ramazan uşaqlar üçün məcburiyyət deyil, mənəvi təcrübə kimi təqdim olunmalıdır. Əgər uşaq öz istəyi ilə oruc tutursa, bu daha sağlam yanaşmadır. Məcburiyyət isə əks effekt verə bilər və dini ibadətə qarşı mənfi münasibət formalaşdıra bilər.
Oxşar xəbərlər
AQTA-dan "arıqlama çayları" ilə bağlı XƏBƏRDARLIQ
Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi və onun təbliğatı geniş yayılıb. Qı...