Qurban bayramı ərəfəsi ət bahalaşa bilər
19
avq
2017
09:08
Qurban bayramı yaxınlaşır. Bayram günlərində bütün dünya müsəlmanları kimi Azərbaycanda da niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaqlar.Lakin bir məqam da var ki, hər il Qurban bayramı ərəfəsində ət və mal-qara bazarında qiymətlər artır. Bir çox hallarda bu artım real iqtisadi proseslərlə bağlı olmayıb, süni şəkildə baş verir. Ekspertlər hesab edirlər ki, bu il ətin qiymətinin qalxmasını şərtləndirən iqtisadi arqumentlər də var.Bayrama təxminən 2 həftə qalsa da, hazırkı məqamda “Yeni Müsavat”ın əməkdaşı olaraq, bazarlarda qiymətləri öyrənməyə çalışdıq.Müşahidə etdik ki, şəhərdə ət mağazalarında demək olar ki, al-ver yoxdur. Qəssablar bildirdilər ki, artıq iki ilə yaxındır ki, müştəriləri xeyli dərəcədə azalıb. Yay aylarında isə ümumiyyətlə, ət alan çox az olur. Qəssablar bildirdilər ki, bəzi hallarda bir qoyunu bir neçə gün sata bilmirlər. Ona görə də çox mal gətirmirlər. Hazırda pərakəndə satış yerlərində quzu və mal ətinin qiyməti 12-13 manatadır. Qəssab Ağaşirinin sözlərinə görə, ümumiyyətlə mal bazarında vəziyyət ürəkaçan deyil: “Altıncı-bazar günləri əvvəllər bazarda mal-qara əlindən tərpənmək olmurdu. Son aylar isə qıtlıqdır. Bazarda qoyun-quzu yoxdur. Elə buna görə də qiymətlər qalxıb. Düşünürəm ki, Qurban bayramı ərəfəsində qiymətlərdə artım olmayacaq. Çünki hər il bayram ərəfəsində bazara xeyli sayda mal gətirilir. Ona görə də qıtlıq olmur. Kənddə tanışlarım var ki, onlar il uzunu qoyun saxlayıb, yedirirlər ki, Qurban bayramında bazara çıxaracaqlar. Eləcə də kəndlərdə əksər adamlar bu cür edirlər. Ona görə də qıtlıq olmayacaq”.Bazarlarda da vəziyyət oxşardır. Yol aldığımız “8-ci kilometr” bazarında müştəri olmadığı üçün satıcılar bir-biriləri ilə söhbət edir, stolüstü oyunlar oynamaqla başlarını qatırdılar. Bazarda qoyun əti 7-8 manata, quzu əti isə 12 manata satılır. Satıcılar bildirdilər ki, mal bazarında vəziyyət çox gərgindir. Almağa mal tapmırlar. Onlar bildirdilər ki, benzin bahalaşandan sonra mal bazarında qoyun-quzunun qiymətini yüksək deyirlər. Bu isə irəliləyən günlərdə ətin qiymətinə də təsir göstərəcək: “Camaat bazara heyvan çıxarmır. Artıq heyvan saxlayanlar da azalıb. Əvvəllər konkret olaraq mal aldığımız adamlar vardı ki, indi onlar da çox məhdud sayda mal gətirirlər. Bu hal təbii ki, bazarlara da təsir göstərir. Camaat bazara məsələn, bir qoyun çıxarır, onu da axşama kimi satıb qurtara bilmir. Bayram günlərində çox güman ki, qiymətlər qalxacaq. Əgər ötən il olduğu kimi xaricdən mal gətirsələr, qiymətlər qalxmaya bilər”, - deyə satıcılar bildirdilər.Mövcud vəziyyətlə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, bayram günlərində ətin qiymətinin artması qaçılmazdır: “Ötən il qiymətlərin qalxmasının bir neçə səbəbi vardı. Birinci səbəb odur ki, ötən il bir çox ənənəvi maldarlıq regionlarında yerləşən yem sahələrində texniki bitkilər, pambıq əkildi. Bu da yem qıtlığına və yemin qiymətinin bahalaşmasına səbəb oldu. Yem bahalaşdıqca bir çox fermerlər həm örüş torpaqlarından məhrum oldular, həm də yemin bahalaşması ilə əlaqədar bəziləri öz mal-qaralarını satmağa başladılar. Bu hal isə o zaman qiyməti az da olsa ucuzlaşdırmışdı. Hər kəs düşünürdü ki, nə üçün bütün məhsulların qiyməti bahalaşdığı halda ət ucuzlaşır. Bax bu, qeyd etdiyimiz məsələ ilə bağlı idi. Bu il artıq həm iri və xırda buynuzlu mal-qaranın sayının azalması, həm yemin bahalaşması, həm də daşınma xərclərinin çoxalması qiymətlərin artmasına təsir edən əsas səbəblərdən biridir. Digər səbəb isə ölkəyə gələn turist sayının artmasıdır ki, bu da tələbatı gücləndirir. İstehsalda artım yoxdursa və istehlak artıbsa, təbii ki, qiymətlər də artacaq. Düşünürəm ki, bu il Qurban bayramında qiymətlərin qalxması labüddür. Lakin bu, həm də insanların alıcılıq qabiliyyətindən asılıdır. Yəni ətin qiyməti nə qədər çox qalxırsa, insanların alıcılıq qabiliyyətinin aşağı olmasından irəli gələrək, satış həcmi azalır. Satış həcminin azalmasından bir müddət sonra istehsalçı artıq məcbur olacaq ki, qiyməti tənzimləsin. Çünki gəlirləri azalacaq. Turizm kimi mövsümü amillər bitdikdən bir müddət sonra qiymətlərin sabitləşməsini görə bilərik. Ancaq ən azından bayramlar öncəsi sadaladığım faktorlardan dolayı qiymət artımı müşahidə ediləcək. Çox güman ki, bu artım kifayət qədər hiss ediləcək səviyyədə olacaq. Artıq ötən aylarla müqayisə həm mal, həm də qoyun ətində qiymət artımını biz görürük”.Xatırladaq ki, ötən ilin Qurban bayramı ərəfəsində qoyun ətinin kiloqramı 10 manata idi.BAKU.WS
Oxşar xəbərlər
Qurban bayramında əfv olacaq? – RƏSMİ AÇIQLAMA
Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb. BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı azvisio...