Qərbi Azərbaycan Xronikası: Ölüyə ehsan verilməsi türk adətlərində vacibdir

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Ölüyə ehsan verilməsi türk adətlərində vacibdir" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı Qərbi Azərbaycan mahallarında mərasimlərdən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan mahallarında mərasimlər bir-birindən seçilir: "Ölüyə ehsan verilməsi türk adətlərində vacibdir. Dəbdəbəli ehsan verməyəndə ölü urvatsız olur. Yerli hakimiyyət ehsan işinə qarşımamalıdır. KİV və yerli orqanlar adətləri dəyişdirir".
L.Vaqifqızı qədimdə Azərbaycanda ayların və həftənin qədim adlarının necə adlanmasından söz açıb, Çömçəqurutmaz ayının, adına axşamının həftənin hansı günü olmasına və "quyruq doğur, yoxsa donur" sualına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
