Prezidentdən mənzil ala bilməyənlərə şad xəbər: "Çox güzəştli şərtlərlə..."
"Şərtlər çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər”.
BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq: "Bu, yeni bir sosial layihədir. Bu layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olub. Bu il aprel ayının 11-də mənim sərəncamımla Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bu agentliyin əsas vəzifəsi vətəndaşların mənzil-məişət problemlərini həll etməkdən ibarətdir. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində inşaat sektorunun inkişafına yeni təkan veriləcək və bu da, öz növbəsində, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq”.
"Yasamal rayonunda icra edilən layihə birinci layihədir. Bundan sonra da layihələr icra ediləcəkdir. Burada 29 yaşayış binasının, uşaq bağçasının, məktəbin tikintisi nəzərdə tutulur. Bu yaşayış kompleksində 1800-dən çox mənzil inşa ediləcək. Ümid edirəm ki, biz bu birinci layihənin açılışını 2018-ci ildə qeyd edəcəyik", - deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar da Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində mənzil ala biləcəklər: "Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər”.
Dövlət başçısı bu layihənin icra edilməsi nəticəsində inşaat sektorunun canlanacağını qeyd edib.
Prezident Bakı şəhərində ikinci layihənin icrası üçün hazırlıq işlərinin getdiyini qeyd edib: "İkinci layihə bundan da böyük olacaq. Əgər burada tikinti meydançası 11 hektardırsa, ikinci layihədə 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək. Orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.
Biz bunu bu gün dövlət xətti ilə icra edirik və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm. Onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın. Onsuz da dövlət öz üzərinə düşən vəzifəni icra edəcək. Həm Bakı şəhərində, həm digər böyük şəhərlərimizdə və gələcəkdə hər bir yerdə sosial binaların tikintisi aparılmalıdır və aparılacaq. Ancaq bu prosesə daha da geniş xarakter vermək üçün özəl sektor da buna qoşulmalıdır.
Bugünkü təşəbbüs, bax, bugünkü təməlqoyma mərasimi sahibkarlara da bir siqnaldır ki, onlar həm özləri, həm də dövlət üçün daha da böyük işlər görə bilsinlər. Qeyd etdiyim kimi, biz bu layihənin həyata keçirilməsi nəticəsində bir neçə mühüm vəzifəni icra edəcəyik”.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısı ucuz mənzil arzusunda olan vətəndaşlarımızı sevindirdi
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək...