Prezident: "Müəllimlərin maaşı daha da artmalıdır"
15
sen
2017
15:50
“Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, qəbul imtahanlarında, ali məktəblərə imtahanlarda özünü göstərir”.BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilən binasının açılışı mərasimində deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan məktəbləri beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər: "Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir".Prezident qeyd edib ki, bütün bu işlər uşaqların, gənclərin savadlı, bilikli olmaları üçün görülür: "Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən, 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar.Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir".BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev 20 nömrəli məktəbin yeni binasının açılışında (FOTO)
Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.Prezident...