Parlamentdə rus dili və Rusiya universitetləri müzakirəsi
Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi. BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, 98 deputatın iştirakı ilə keçirilən iclasın gündəliyinə 54 məsələ daxil edilmişdi.
Deputat Sevinc Hüseynova 7 oktyabrda bir qrup Rusiya vətəndaşının qanunsuz olaraq Qarabağa gəlməsinə diqqət çəkdi.
Deputat Tahir Kərimli komitə sədri Əli Hüseynlini 50 illik yubileyi münasibətilə təbrik etdi. Dedi ki, komitə sədrini hələ 90-cı illərin əvvəllərindən tanıyır və onun haqqında yüksək fikirdədir.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov, YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov da YAP üzvü olan Ə.Hüseynlini təbrik etdilər.
Deputat Fərəc Quliyev da Rusiya vətəndaşlarının Qarabağa qanunsuz səfərinə etiraz etdi. Deputat Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərindən danışdı: “Bəlkə Gürcüstanda yaşayan soydaşlarımıza 100-200 nəfərlik kvota ayıraq, onlar burada ali təhsil alıb geri qayıtsınlar. Əks təqdirdə onları da Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi gözləyə bilər”.
Deputat Elman Məmmədov da Paşinyanın arvadının “sülh heyəti”nə etiraz etdi: “Paşunyanın arvadına qoşulub Qarabağa gələn adamlar gəldikləri yeri bilməliydilər. Bilməliydilər ki, hardadırlar. Təbii ki, bilərəkdən gəliblər. Biz dövlətlərarası münasibətlərə həmin adamların səviyyəsindən baxmamalıyıq. Amma biz həmişə gözləyirik ki, düşmən tərəf nə isə etsin, biz də ona qarşı kampaniya aparaq. Biz də səviyyəli qadınları dəvət edib, onları təmas xəttinə apara bilərik”.
Deputat ardınca dedi ki, 12 oktyabr Azərbaycan tarixinin qara səhifələrindən biridir: “Bu gün "Gülüstan" müqaviləsinin imzalandığı, Azərbaycanın parçalandığı gündür. Çox təəssüf ki, 200 ildən artıq müddət keçməsinə baxmayaraq, 1813-cü ilin bu günündə imzalanmış “Gülüstan” müqaviləsinə görə Ermənistan adlı dövlət mövcuddur".
Deputat Elman Nəsirov İrəvanda keçirilən sammitdə Dağlıq Qarabağ üçün yer ayrılmasına etirazını bildirdi, bunun sülh prosesinə qarşı təxribat olduğunu qeyd etdi. Deputat Ermənistan rəhbərliyinin son açıqlamalarına da qarşı çıxdı: “Ermənistanın baş naziri yenə də öz ampluasındadır. Sanki Düşənbədə heç bir razılaşma əldə olunmayıb. Deyir ki, ”Qarabağ xalqı"nın mövqeyi nəzərə alınmalıdır. Belə yanaşmalar sülh danışıqlarının pozulmasına xidmət edir və qəbuledilməzdir".
Deputat Zahid Oruc da Qarabağa qanunsuz səfər edən qadınlardan danışdı. Dedi ki, vaxtilə Azərbaycan qadınları baş örpəyi ilə bu qan-qadanı dayandırmağa çalışmışdı. Lakin biz indiyədək erməni qadınlarının sülhə töhfə verdiyini görməmişik. Əksinə, onlar öz balalarını azərbaycanlıları öldürməyə təşviq ediblər. Öz övladları öləndə də onların qəbri üstündə qəhrəman kimi ağlayıblar. Ermənistan Prezident Aparatındakı aksiyalarda öz balalarına bir ovuc erməni ağlayır. Bu, erməni xalqının mövqeyi deyil". Z.Oruc dedi ki, Azərbaycan qadınların ermənilərin bu saxta çağırışına münasibəti bəllidir: “Erməni qadını sülh istəmir. Əgər sülh istəsə, hakimiyyətdən bu işğala son qoymağı tələb edərdi”.
Z.Oruc Almaniya Bundestaqının Qarabağla bağlı mövqeyini təqdir etdi və digər ölkələrə nümunə saydı.
Komitə sədri Siyavuş Novruzov isə dedi ki, xarici siyasətlə bağlı həssas yanaşma lazımdır: “Çalışmalıyıq ki, ərazilərimizin işğal olunması, böyük dövlətlərin maraqlarının olması şəraitində ehtiyatlı olaq. Bəzi qüvvələr bulanıq suda balıq tutmaq istəyirlər. Bu il Azərbaycanla Rusiya, Türkiyə, Almaniya və digər ölkələr arasında yaxınlaşma olub. Bu yaxınlarda Fransa prezidentinin də səfəri gözlənilir. Biz hər bir addımımızla çalışmamalıyıq ki, maraqlarımıza xələl gəlsin, hansısa jurnalist, yaxud siyasətçi bundan istifadə etsin və maraqlarımıza zərbə vursun. Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir. Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata bildirib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır. Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli rusiyalı qadınların Qarabağa qanunsuz səfərinə münasibət bildirdi. Dedi ki, artıq Rusiya Dövlət Dumasının təmsilçisi, komitə sədrinin müavini və hakim partiyanın üzvü olan xanımın Qarabağa qanunsuz səfəri ilə bağlı artıq müraciətlər hazırlanıb: “Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb. Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.
Deputat Gövhər Baxşəliyeva rus bölməsinə daxil olan uşaqların sayının artmasından narahat olduğunu söylədi. “Bu, kökündən səhv bir meyldir, biz vaxtında bunun qarşısını almalıyıq. Bu, mənim rus dilinə qarşı çıxmağım kimi anlaşılmamalıdır. Rusiya bizim strateji portnyorumuzdur, dost dövlətdir. Amma rus dili ingilis kimi tədris olunmalıdır”-deyə, o bildirdi. G.Baxşəliyeva dedi ki, bütövlükdə azərbaycanlı uşaqların 1-ci sinifdən rus bölməsinə verilməsi kökündən yanlışdır: “Necə olur ki, Arazın o tayında 35 milyonluq xalq ana dilində təhsil uğrunda mücadilə verirlər, təzyiqlərə məruz qalırlar, amma biz burada ana dilində təhsil vermirik? İstənilən azərbaycanlının ilkin təhsili ana dilində olmalıdır. Sadiq Azərbaycan vətəndaşı olmaq üçün bu, çox vacibdir”. Sovet dövrünə istinad edənlərə də cavab verdi: “Bəli, o vaxt karyera qurmaq üçün rus dili lazım idi. Amma bu gün biz müstəqilik və karyera üçün ana dili vacibdir”.
Əli Hüseynli rus dili ilə bağlı G.Baxşəliyevanın dedikləri ilə razılaşmadı: “Əgər vətəndaşlarımız öz övladlarını rus bölməsinə qoyurlarsa, onların seçiminə hörmətlə yanaşmalıyıq. Biz çalışmalıyıq ki, gənclərimiz bir neçə dil bilsin”.
Plenar iclasda aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzaları müəyyən edən layihə müzakirəyə çıxarıldı və qəbul edildi.
Cəzaların İcrası Məsəlləsinə dəyişikliklər məsələsi də müzakirə olundu. Deputat Elman Məmmədov söz alaraq bildirdi ki, cəzaların humansitləşdirilməsi istiqamətində bütün addımları alqışlayır: “Amma bir problem var ki, həbsdən azadlığa çıxan insanlar iş tapa bilmirlər. Qanunda göstərilib ki, onlara bu istiqamətdə köməkliklər göstərilməlidir. Məmurlar niyə buna əməl etmirlər? O adamlar necə işsiz qala bilər? Həbsdən çıxandan sonra o insanlar necə dolansınlar? Bəzən olur ki, iş tapa bilməyən adam yenidən cinayət törədib həbsxanaya qayıdır”. Deputat vaxtilə bununla bağlı yaxşı bir ənənənin olduğunu da xatırlatdı: “Bəyənmədiyimiz Sovet dövlətində belə bir qayda var idi ki, həbsdən azadlığa çıxan insan yaşadığı yer üzrə nəzarətə götürülürdü və işlə təmin olunurdu. Bu insanların bir daha həbsə qayıtmaması üçün bu addımı atmalıyıq”.
Komitə sədri Siyavuş Novruzov mənzil fırıldaqçıları ilə bağlı danışdı. O bildirdi ki, bununla bağlı deputatlara çoxsaylı müraciətlər edilir: “Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər. İnsanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir adamı həbsə salırlar”.
Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq olundu. Layihə barədə vitse-spiker, Milli Məclisin komitə sədri Valeh Ələsgərov geniş məlumat verdi.
Deputat Vahid Əhmədov isə iradını bildirdi: “Parlamentin 100 illiyi ilə bağlı gətirib bizə xatirə medalı veriblər. Ancaq o daşına bilən bir şey deyil. Milli Məclisin 100 illik yubileyi ilə bağlı medal təsis olunmalıdır. Niyə bu medal təsis olunmur? Nəyə görə bu insanlar, müstəqillik dövründə qanunları qəbul edən deputatlar bu medallarla təltif edilmirlər? Bu məsələyə aydınlıq gətirilməlidir. Bəlkə doğrudan da medala layiq olan deputatlar bu Milli Məclisdə yoxdur. Kənar orqanlarda işləyənlərə medal verən Milli Məclisin özünün medalı yoxdur. Bu məsələyə aydınlıq gətirilməlidir. Çünki çox ciddi məsələdir”.
V.Əhmədov əlavə etdi ki, onsuz da Milli Məclisin səlahiyyətləri əlindən alınıb: “Milli Məclisin 100 illik yubileyi ilə bağlı medal təsis olunması çox vacibdir. Medalın təsis olunmaması Milli Məclisin üzvlərinə yüksəklik gətirmir. Biz özümüzə qiymət verməliyik. Belə olmaz axı”.
V.Əhmədovun çıxışına reaksiyasında Z.Əsgərov bildirdi ki, parlamentin 100 illiyi ilə bağlı xatirə medalı bütün deputatlara verilib: “Mən sizinlə razı deyiləm ki, Milli Məclisin səlahiyyətləri əlindən alınıb. Milli Məclisin kifayət qədər səlahiyyəti var və ondan da istifadə edir. Parlamentin 100 illiyi ilə bağlı medalın təsis edilməsi məsələsini isə müzakirə etmək olar. Lazım bilinsə yəqin ki, təkliflər olacaq”.
Deputat Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürdü: “Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”.
Deputat Qüdrət Həsənquliyev növbəti dəfə ölkədəki rusdilli məktəblərlə bağlı mövzuya toxundu. Dedi ki, ölkəmizdə yeni rusdilli məktəblərin açılması barədə qərarı təqdir edir: “Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir. Bir məsələni də qeyd edim ki, Azərbaycanda ingilisdilli məktəblər var, lakin onlar çox bahalıdırlar. İngilisdilli pulsuz məktəblərin olmasına ehtiyac var”.
Q.Həsənquliyev Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu söylədi. Qeyd etdi ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir.
Deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işlə təmin olunması məsələsinə də toxundu: “Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.
Ziyafət Əsgərov isə Rusiya universitetlərinin filiallarının artmasını təqdir etdi: “Azərbaycanda Rusiya ali məktəblərinin iki filialı burda fəaliyyət göstərir, qoy üçü də gəlsin. Yaxud Fransa məktəbi var, bunun nəyi pisdir? Bundan çəkinmək lazım deyil. Xaricdə təhsil alan tələbələri burda təhsil alanlardan yuxarı qoymaq düzgün deyil. Götürün BDU-da, ADA-da oxuyanları, onlar xaricdə oxuyanlardan əskikdir? Mənim tələbələrimin 22-si Almaniyada, Türkiyədə, digər ölkələrdə oxuyub. Mən onların 18-nə şəxsən zəmanət vermişəm. Onların 12-si qırmızı diplomla bitiriblər. Deməli, burada bakalavr mərhələsini yüksək səviyyədə bitiriblər. Oturmuşuq sovet təfəkküründə ki, bizdə təhsil yoxdur. Necə yəni yoxdur? Bizdə çox gözəl biliklər verilir. Azərbaycan təhsilini aşağılamaq heç də yaxşı hal deyil. Bizim nümunəvi universitetlərimiz, nümunəvi tələbələrimiz, müəllimlərimiz var. Mən istənilən deputatları BDU-ya dəvət edirəm. Azərbaycan təhsili haqqında bu qədər neqativ fikirdə olmayın”.
BAKU.WSOxşar xəbərlər
Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”
Milli Məclisin deputatı Fərəc Quliyev soyad sonluqlarındakı “ov”, “yev” sözlərinin götürülməsini təklif edib.“Report” xəbər verir ki, parlamentin bu gün keçiril...