Parlament 2025-ci ilin büdcəsində dəyişikliyə HAZIRLAŞIR? - AÇIQLAMA

Parlament 2025-ci ilin büdcəsində dəyişikliyə HAZIRLAŞIR? - AÇIQLAMA
Foto
Sosial 198

Hər il olduğu kimi, bu ilin may ayında da Milli Məclisdə dövlət büdcəsinə dəyişiklik və əlavələrlə bağlı məsələnin gündəliyə salınması ehtimalı müzakirə edilir. Xüsusilə qlobal neft bazarında baş verən son dalğalanmalar və yeni beynəlxalq proqnozlar bu müzakirələri daha da aktuallaşdırır.

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozuna görə, yaxın illərdə neftin qiymətində stabillik hökm sürəcək və 2030-cu ilə qədər 70 ABŞ dollarından aşağı düşməyəcək. Proqnozlara əsasən, Azərbaycan neftinin orta illik qiyməti 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar, 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollar səviyyəsində olacaq.

Qeyd edək ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, ötən illə müqayisədə gəlirlərdə 5,4 faiz, xərclərdə isə 4,2 faiz artım deməkdir. Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsi layihəsini hazırlayarkən, neftin bir barelinin qiymətini ehtiyatlı şəkildə 70 dollar səviyyəsində götürüb

Bütün bu amillər fonunda cari ilin büdcəsində də dəyişikliklərin edilməsi ehtimalı yüksəlir. İndidən Milli Məclisin müvafiq komitələrinin və plenar iclaslarının gündəliyinə bu məsələnin daxil edilib-edilməyəcəyi maraqla gözlənilir.

BAKU.WS xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan çox da aşağı qiymətə deyil:

"Qiymət az aşağı düşüb. Amma dövlət büdcəsində neftin qiyməti plus, minuslar nəzərə alınmaqla hazırlanıb. Neftin indiki qiyməti büdcəyə hər hansı bir təhlükə gətirəcək kritik həddə deyil".

A.Badamov bu baxımdan may ayında dövlət büdcəsinə yenidən  baxılmasının aktual olmadığını düşünür. "Bu, mənim subyektiv fikrimdir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, büdəcəyə əlavə və dəyişiklilər adətən neftin bazar qiymətinin yüksək olduğu və büdəcəyə daxilolmaların proqnozlaşdırılandan çox olduğu illərdə həyata keçirilir:

"Biz bəzi illərdə büdcəyə əlavə dəyişikliklərin edilməsini müşahidə etmişik. Bununla bağlı da təbii ki, Milli Məclis tərəfindən qanun qəbul edilib və cənab Prezident tərəfindən təsdiq olunub. 2025-ci ilin büdcəsinə əlavə dəyişikliklərin edilməsi ilə bağlı hələlik, təbii ki, hər hansı müzakirələr aparılmayıb. Hökumətdə bu istiqamətdə müzakirələrin aparılması ilə bağlı da açıqlamalar yoxdur. Neftin dünya bazarında qiymətində müəyyən azalmalar müşahidə olunur. Neftin qiyməti 2025-ci ilin büdcəsində nəzərdə tutulandan hazırda aşağıdır. Biz ilk üç ayın orta göstəricisinə baxsaq, bu rəqəm 77 dollar idi. Güman olunur ki, yarım il ərzində orta göstərici təxminən 70 dollar olacaq".

Deputat vurğulayıb ki, neftin bazar qiyməti proqnozlaşdırılandan az olsa belə bu dövlət büdcəsinin xərcləri ilə bağlı hər hansı bir çətinlik və narahatçılıq formalaşdırmır:

"Çünki Mərkəzi Bankın da hesablamalarına görə neftin dünya bazar qiymətinin illik olaraq 10 dollar aşağı olması dövlət büdcəsinə 300 milyon daha az daxilolmaya gətirib çıxaracaq. Bu kontekstdən təbii ki, hələlik hökumətdə bu istiqamətdə müzakirələr yoxdur. Neftin dünya bazar qiyməti aşağı olsa belə bu, büdcə gəlirlərində hər hansı çətinlik yaratmır. Büdcə xərcləmələrində də hər hansı problemin olacağı proqnozlaşdırılmır".

Son xəbərlər