Nazirlikdən XƏBƏRDARLIQ: Dağ çaylarında daşqın gözlənilir
08
apr
2019
20:39
2019-cu ildə gözlənilən gursululuq axımının proqnozunu tərtib etmək məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın dağlıq zonalarının çay hövzələrində dekabr-mart aylarında toplanan qarın miqdarı və sululuğu hesablanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, qış fəslinin ayrı-ayrı günlərində orta və qismən yüksək dağlıq ərazilərdə havanın temperaturunun iqlim normasından yüksək olması qarın tədricən əriməsi ilə qar ehtiyatlarının azalmasına səbəb olub.Bildirilib ki, bu il Böyük Qafqazın Qanıx çayı hövzəsi ərazisində, Kiçik Qafqazın şimal-şərq və Naxçıvan MR çaylarının hövzələrində qarda olan sululuq ötən illə (51-62,3 mm) müqayisədə 26-40 faiz çox, Böyük Qafqazın Şirvan və şimal-şərq yamacı çaylarının hövzələrində isə ötən ildəki göstəriciyə (40-80 mm) yaxın olub: “Çoxillik norma ilə müqayisədə isə Böyük Qafqazın Qanıx və Şirvan çaylarının hövzələrində qarın sululuğu 22-33 faiz az (norma 82,7-58,3 mm), Böyük və Kiçik Qafqazın şimal-şərq yamacı və Naxçıvan MR çaylarının hövzələrində isə 10-23 faiz çox olub (norma 64,1-58,7-71,3 mm). Aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına (qar ehtiyatlarının vəziyyəti, Ümumdünya Meteorologiya Təşkilatının 5 regional iqlim mərkəzinin fəsillik proqnozları və Azərbaycanda iqlim kəmiyyətlərinin çoxillik dəyişmə tendensiyasını nəzərə almaqla) əsasən, bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 83-113, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı və Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-110, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 65-100 faizini təşkil edəcəyi gözlənilir”.Qeyd edilib ki, tərtib edilmiş proqnoza əsasən dağ çaylarında sululuğun az müsbət və mənfi fərqlə çoxillik normaya yaxın olacağı gözlənilir: “Eyni zamanda, yağıntıların normadan çox gözlənilməsi ilə əlaqədar, ayrı-ayrı günlərdə yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi də ehtimal olunur. Azərbaycanın ən iri tranzit çayı olan Kür çayından Şəmkir su anbarına axımın normanın 70-96, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 77-98, Araz çayından Araz su anbarına axımın isə normanın 47-67 faizini təşkil edəcəyi gözlənilir”.BAKU.WS
Oxşar xəbərlər
Dağlıq ərazilərində qarı belə ölçürlər – VİDEO
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Veri...