Nazirlikdən vacib ÇAĞIRIŞ - Maşında siqaret çəkənlər, bu xəbəri mütləq OXUSUN!

Yay mövsümündə hava şəraitinin həddindən artıq isti və quraq keçməsi fonunda yanğın təhlükəsi xeyli artır.
Bu aylarda həm meşə sahələrində, həm fərdi yaşayış evlərində, həm də nəqliyyat vasitələri və təsərrüfat obyektlərində yanğınlara tez-tez rast gəlinir. Əksər hallarda bu hadisələr insan ehtiyatsızlığından, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasından və vaxtında görülməyən qabaqlayıcı tədbirlərdən qaynaqlanır.
Bəs görəsən evlərdə, obyektlərdə, həmçinin avtomobillərdə və ictimai yerlərdə yanğın riskini necə minimuma endirmək olar?
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə bildirildi ki, havaların isti keçməsi yanğın təhlükəsini artırdığından, yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Bu məqsədlə bir neçə vacib məqam bir daha ictimaiyyətin diqqətinə çatdırılır:
• Taxıl sahələri, xırmanlar, ot tayalarının olduğu ərazilərdə və onların yaxınlığında açıq alovdan istifadə etmək, siqaret çəkmək təhlükəlidir və yolverilməzdir;
• Yanar mayelərlə islanmış materialları, eləcə də şüşə butulkalar və şüşə qırıntılarını ətrafa atmaq yanğın riskini artırır, bu cür davranışlardan çəkinmək vacibdir;
• Sönməmiş kibrit çöpünü və siqaret kötüyünü yerə atmaq olmaz;
• Ev və təsərrüfat sahələri, həmçinin müəssisə həyətləri vaxtaşırı quru ot və digər yanar tullantılardan təmizlənməlidir;
• Təbiət qoynunda tonqal qalanarkən təhlükəsiz ərazi seçilməli, ətrafında ot, budaq və digər yanacaq materialları olmamalıdır. Tonqal üçün xüsusi yer hazırlanmalı, yaxud köhnə tonqalın yerindən istifadə edilməlidir;
• Tonqal qətiyyən nəzarətsiz qoyulmamalı, ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Tonqalın tam söndüyünə əmin olduqdan sonra ərazini tərk edin!;
• Küləkli havada tonqal qalamaq çox təhlükəlidir və qətiyyən yol verilməməlidir;
• Unutmaq olmaz ki, meşəlik ərazilərdə tonqal qalamaq qanunla qadağandır;
• Əgər yanğın baş verərsə, ilkin müdaxilə üçün əlinizdə olan vasitələrlə - su, torpaq, qalın parça və s. – yanğını söndürməyə çalışın və dərhal "112" qaynar xəttinə məlumat verin.
Nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi məsələsinə gəldikdə isə, nazirlikdən qeyd olundu ki, burada da diqqət edilməli xüsusi məqamlar var.
Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə mühüm xəbərdarlıqla müraciət edir: yanğın təhlükəsizliyi qaydalarına maksimum diqqət yetirilməlidir. Bildirilir ki, avtomobillərin texniki vəziyyəti daim nəzarətdə saxlanmalı, xüsusən də izolyasiyası zədələnmiş elektrik naqilləri vaxtında dəyişdirilməlidir. Eyni zamanda, istehsalçının müəyyən etdiyi normalardan kənara çıxan texniki dəyişikliklərə yol verilməməli, təhlükəli yüklərin daşınması zamanı isə mövcud təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Avtomobil salonunda siqaret çəkmək isə əlavə risk yaradır və qəti şəkildə tövsiyə edilmir.
Nazirlik onu da xatırladır ki, hər bir nəqliyyat vasitəsi odsöndürən balonla təmin olunmalı, onun texniki vəziyyəti vaxtaşırı yoxlanmalı və daim istifadəyə hazır saxlanmalıdır. Bu balon sürücünün tez istifadə edə bilməsi üçün əsasən avtomobilin salonunda yerləşdirilməlidir.
Sürücülər bilməlidirlər ki, avtomobil salonunda yayılan tüstü və ya yanıq qoxusu mümkün yanğının ilk əlaməti ola bilər. Bu kimi hallarda dərhal avtomobili saxlayıb mühərriki söndürmək, "112" qaynar xəttinə məlumat vermək və əgər yanğın zəifdirsə, ilkin müdaxilə vasitəsilə söndürmək tövsiyə olunur. Lakin alovun miqyası böyükdürsə, şəxsi təhlükəsizliyi ön planda tutaraq ən azı 10 metr aralıya çəkilmək vacibdir.
Banu Hüseynli
Oxşar xəbərlər
"Bizim həyət" layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...