Nadir şah yadigarı - Orta əsr Ağsu şəhəri - FOTO
Orta əsr Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olub. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının da mərkəzi hesab edilir.
Müxtəlif vaxtlarda şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə bu qalaya hücum edib, mühasirədə saxlayıb, bəziləri hətta ələ də keçirib.
XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında məlumat veriblər. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət yüksək səviyyədə inkişaf etmişdi.
Ərazidə ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Müstəqillik illərində – 2010-cu ildən 2012-ci ilədək ağsulu ziyalıların yaxından dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası Orta əsr Ağsu şəhərində tədqiqat işləri həyata keçirib və burada müasir turizm kompleksi yaradılıb.
Qısa müddətdə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilib. Qazıntılar zamanı daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, sənətkarlıq emalatxanaları və s. öz dövrü üçün müasir mütərəqqi şəhər mədəniyyətindən xəbər verir. Evlərin iç və çöl divarları, döşəməsi, damı, habelə təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və “şirə” adlandırılan məhlulla boyanıb. Bu boyaq məhlulu evlərə gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq funksiyasını da yerinə yetirib.
Şəhər yerində ən maraqlı emalatxanalardan biri boyaqçı dükanıdır. Buradan aşkar olunan boyaq tozları Türkiyənin Mərmərə Universitetinin əməkdaşı tərəfindən öyrənilib.
Bəlli olub ki, həmin boyaq maddəsi boyaqotundan (latınca “Rubia Tinctorium L”) əldə edilib. Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindən olduğu üçün bəzən həmin tarixi dövrü “Boyaqotu əsri” də adlandırırlar.
Araşdırmalar zamanı ərazidə maraqlı memarlıq həlli olan iri ictimai binalar – yeraltı hamam, Cümə məscidi və buzxana da üzə çıxarılıb. Şəhərin 3 tərəfində böyük qəbiristanlıq qalığı mövcuddur.
Orta əsr Ağsu şəhərinin V qazıntı sahəsində aşkar olunan və şərti olaraq şəhərin “Cümə məscidi” adlandırılan nisbətən iri ölçülü binanın ümumi sahəsi 576 kvadratmetr (36x16 m) təşkil edir. Bu, hələlik Ağsuda aşkar edilən ən möhtəşəm tikinti qalığıdır.
Məscidin divarlarının bünövrə hissəsi çay daşından, divarları isə çiy kərpicdən inşa edilib. Məscidin tikintisində həmçinin çoxlu sayda ağac materialdan da istifadə olunub.
Axtarışlar zamanı məscidin ağac sütunlarının, qapı altlıqlarının, kətillərin qalıqlarından ibarət olan çoxsaylı ağac materiallarının qalıqları da qeydə alınıb. Mütəxəssislərin təyinatına əsasən məscidin sütunlarının palıd ağacından olduğu müəyyən edilib. Binanın pəncərələri tağvarı formada olub, əsasən bişmiş kərpic və gəclə tikilib.
2012-ci ildə Cümə məscidinin üzəri metal konstruksiya və örtüklə örtülüb, içərisində “Orta əsr Ağsu şəhərində mədəniyyət” mövzusunda ekspozisiya hazırlanıb. Hazırda burada Mehrəvan qalasından aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş olunur.
VII qazıntı sahəsində tədqiqat zamanı buzxana-anbar aşkar edilib. Buzxana-anbarın ümumi uzunluğu 30 m, eni 8 m təşkil edir.
Tikilinin şərq divarının içəri tərəfdən gəc məhlulu ilə səliqəli suvandığı məlum olub. Şimal tərəfdə isə binaya girişə aid olan daş pilləkən qalıqları aşkara çıxarılıb.
Tikili xanlığın baş buzxana-anbar funksiyasını daşıyıb. Məlum olduğu kimi, Ağsu kifayət qədər isti iqlimə malik ərazidə yerləşir.
Belə çətin iqlim şəraiti olan yerdə ərzaq məhsullarının, xüsusən də gündəlik tələb olunan ərzaq məhsullarını saxlamaq olduqca çətindir.
Qədim və orta əsrlər dövründə bu qəbildən olan ərzaq məhsullarının saxlanması məqsədilə buna bənzər yeraltı tikili və qurğulardan geniş istifadə olunduğu bəllidir. Ağsuda aşkar edilmiş XVIII əsrə aid buzxana-anbar hələlik Azərbaycan ərazisində elmə məlum olan bu növ tikintilərin, demək olar ki, ən nəhəngi və ən mükəmməlidir.
Buzxana-anbarda aşkar olunan tapıntılar içərisində misdən hazırlanmış qazan, satıl, cam, sini, piyalə və dar boğaz bardaq nümunələri xüsusi maraq doğurur. Bu tip əşyalardan buzxana-anbara nəzarət edən insanlar daha çox məhz ölçü qabları kimi istifadə ediblər. Buzxana-anbarda iki ədəd qızıl və gümüş sikkə dəfinəsi də tapılıb.
Qeyd edək ki, 2019-cu il oktyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksinin bazası əsasında “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Fariz Xəlilli
tarix üzrə fəlsəfə doktoru
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...