MTRŞ-dən Zaurla Xoşqədəmin verilişi ilə bağlı açıqlama

MTRŞ-dən Zaurla Xoşqədəmin verilişi ilə bağlı açıqlama
Sosial 2418

Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin aparıcısı olduğu proqramlarla bağlı açıqlama verib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, şöbə müdiri ötən mövsümlərdə də bu formatda verilişlərin olduğunu qeyd edib.

"O zaman aparıcılar problemlərə düzgün yanaşa bilmədiklərinə, insanların problemləri üzərində şou yaradıldığına görə, verilişdə problemi müzakirə olunan insanlar təhqirə məruz qaldığına görə, hətta bəzən həmin verilişlərdə qeyri-etik məzmunlu ifadələr, söyüşlər işlədildiyinə və s. qanunazidd hallara görə bu verilişlərin yayımı ya yayımçıların özləri, bu baş vermədikdə isə Şura tərəfindən dəfələrlə xəbərdarlıqdan sonra dayandırılmışdı.

Qeyd etmək lazımdır ki, həmin dövrdə bəzi yayımçıların məsul şəxsləri verilişlərdə baş verən neqativ hallara vaxtında reaksiya vermirdilər və ya göz yumurdular. Bəzi kanal rəhbərləri problemlərin aradan qaldırılması ilə bağlı Şuranın tələblərini dinləmək istəmirdilər. Belə olduqda inzibati metodlara əl atılmışdı.

Bu gün Şuranın monitorinq qrupu tərəfindən hazırda yayımlanan eyni formatlı verilişlər diqqətlə izlənilir və təhlil olunur. Hazırda əvvəlki problemlər səviyyəsində narahatçılıqlar diqqəti cəlb eləmir. İnanırıq ki, sözügedən verilişlərin yayımlandığı kanalların məsul redaktorları tərəfindən də verilişlərdə qoyulan mövzular, aparıcıların davranışları daim təhlil olunur, nəzarətdə saxlanılır. Belə olarsa, ciddi nöqsanlar ortaya çıxmaz.

Əslində, yayımçıların sosial problemləri qabartması, bu mövzularda veriliş hazırlaması qəbahət deyil. Təki qanunvericiliyin, milli dəyərlərin tələblərinə riayət olunsun, yersiz, süni şoular yaradılmasın, insanlar təhqir olunmasın”, - deyə T.Dadaşov bildirib.

BAKU.WS

Son xəbərlər