Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı ittiham aktının detalları açıqlanıb
Siyasət 15

Ermənistanın Şəki (Zəngəzur) kəndinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevin yerli sakin Ani Avetisyana atəş açaraq onu yaraladığı iddia olunur. İttiham aktında hadisənin təfərrüatları yer alıb.

BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, sənədə əsasən, Nəsimi Musayev sentyabrın 26-da saat 20:00–22:00 aralığında üzərində "Kalaşnikov" avtomatı, süngü-bıçaq və 140 patron olmaqla sərhədi keçib.

İddia olunur ki, o, Şəki kəndindəki boş evlərdən birinə daxil olaraq oradan 19 min dram, smart saat, mobil telefon və bank kartı götürüb.

Oktyabrın 1-də evə qayıdan Ani Avetisyanın övladlarını silahla hədələyərək telefonlarını alıb və otaqdan çıxmalarına icazə verməyib. Hadisədən xəbər tutan qadın evə gəldikdə isə Musayevin ona altı dəfə atəş açdığı bildirilir. Nəticədə Avetisyan ayağından yaralanıb, həmçinin sol əlindən ağır xəsarət alıb.

Bundan sonra hadisə yerindən qaçan Musayev qonşu evlərdən birinin tövləsində gizlənib. O, sonradan aşkarlanaraq saxlanılıb.

Xatırladaq ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Son xəbərlər