Metroda "pulsuz keçid" iddiası: NFC ödənişləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Metroda pulsuz keçid iddiası: NFC ödənişləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
Video
Sosial 22

Sosial şəbəkələrdə metro stansiyalarında gediş haqları ilə bağlı "sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür" iddiaları yayılıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paylaşımlarda metroda bank kartları ilə limitsiz və heç bir ödəniş etmədən keçidin mümkün olduğu iddia edilir. Bunun səbəbi kimi isə NFC ödənişi zamanı sistemdə kodlaşdırma xətasının olduğu göstərilir. Şərhlərdə də bu iddianı dəstəkləyən bir çox fikir səsləndirilib.

Bəs, bank kartında balans olmadıqda metrodan keçmək mümkündürmü?

Vətəndaşlar bildirirlər ki, kartda vəsait olmasa belə, NFC sistemi ilə ödəniş zamanı 1 və ya 2 dəfə pulsuz keçid imkanı yaranır.

İKT ekspertləri isə qeyd edirlər ki, bütün sistemlərdə müəyyən boşluqlar, yəni alqoritmdə kodlaşdırma səhvləri ola bilər. Hər hansı bir sistem hazırlandıqdan sonra onun fəaliyyətində xətaların ortaya çıxması mümkündür və bu hallardan sui-istifadə də istisna edilmir.

Ekspertin sözlərinə görə, eyni kartla dəfələrlə uğursuz ödəniş cəhdi olarsa, sistem bunu riskli davranış kimi qəbul edir. Nəticədə həm bank, həm də metro sistemi həmin kartı bloklaya bilər. Onun fikrincə, Bakı metropolitenində kritik səviyyədə kiber­təhlükəsizlik boşluğu yoxdur və sözügedən hallar sadəcə sistemin iş mexanizminin yanlış anlaşılması ilə bağlı ola bilər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, NFC vasitəsilə ödəniş zamanı bank kartında balans olmasa belə, sərnişinə yalnız birdəfəlik keçid imkanı verilir. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik şəkildə bloklanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər