Bu məlumatlarınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ

Bu məlumatlarınız ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Sosial 518

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son vaxtlarda elektron poçt üzərindən həyata keçirilən “fişinq” kampaniyalarının artması barədə xəbərdar edir.

BAKU.WS qurumun yaydığı məlumata istinadən xəbər verir ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən aşağıdakı saxta məktubda hakerlər tərəfindən ölkəmizin internet informasiya ehtiyatlarına qarşı kiberhücumların həyata keçirildiyi, e-poçt ünvanın təsdiq edilməsinin tələb olunduğu və əks halda e-poçt ünvanının bloklanacağı bildirilir. Həmçinin istifadəçidən e-poçtu bütün dostları ilə bölüşməsi istənilir.

Keçidə daxil olub fərdi məlumatlarını təqdim edən istifadəçinin e-poçt hesab məlumatları və telefon nömrəsi ələ keçirilir.

Bu növ kiberhücumların həyata keçirilməsində məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmasınlar və ya hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:

“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima

Unutmayın, heç bir e-poçt xidməti provayderi istifadəçidən e-poçt vasitəsilə hesabını təsdiq etməyi və ya şifrəsini təqdim etməyi tələb etmir. Hesaba daxil olmaq üçün hər hansı keçidə kliklənməməli, bunun əvəzinə yeni açılan səhifədən internet ünvanı əllə daxil edilməlidir.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Son xəbərlər