Məktəblərin bufetlərində bu məhsullar satıla bilməz - RƏSMİ+SİYAHI

Məktəblərin bufetlərində bu məhsullar satıla bilməz - RƏSMİ+SİYAHI
Foto Açıqlama
Sosial 1659

Məktəb bufetləri şagirdlərin gün ərzində əsasən qida ehtiyaclarını qarşıladıqları yerlərdir.

BAKU.WS-in məlumatına görə, burada təklif olunan məhsulların keyfiyyəti, çeşidi və sağlamlıq baxımından uyğunluğu həm valideynlər, həm də pedaqoqlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Orta məktəblərin bufetlərində satışa çıxarılan məhsullarla bağlı hər hansı qaydalar varmı? Hansı məhsullar məktəblərin bufetlərində satıla bilməz?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericilikdə ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadəsi qadağan edilən məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" adlı sənədində təsbit edilib.

Həmin məhsullar aşağıdakılardır:

• çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

• termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

• təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

• termiki emala məruz qalmayan yaşıl noxud;

• ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);

• termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

• göbələklər;

• yumurtalı makaronlar, qayğanaq;

• kremli pirojnalar və tortlar;

• çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;

• xəmiri acıdan naməlum tərkibli tozlar.

Eyni zamanda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, alkoqollu və energetik içkilərin uşaqlara satılması qadağandır.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə hesab edir ki, məktəblərin sağlam inkişaf etməsi üçün onların gündəlik rasionunda sağlamlığı və inkişafı üçün uyğun qidalanması gərəkdir. Bu qidaların tərkibi isə sağlam və təzə olmalıdır:

"Eyni zamanda gün ərzində bir orqanizmin düzgün şəkildə inkişaf etməsi üçün 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bu elementləri məhz sağlam, balanslı, vitaminlərlə zəngin məhsullarla qidalandıqda ala bilir. Belə ki, bunlar yerli, mövsümi meyvə, tərəvəzlər, qoz, fındıq, çərəzlər və eyni zamanda da təzə yeni hazırlanmış sendviçlər, az şəkərli təbii içkilər, su, ayran, çay bu şəkildə təqdim olunmalıdır.

Məktəblilərin qidalanmasın və bufetlərdə satılan qidalara Təhsil Nazirliyi və aidiyyəti üzrə müvafiq dövlət qurumları tərəfindən mütəmadi baxış keçirilməlidir, onların sağlamlığını təmin etməyə yönəlmiş düzgün qidaların satılmasını təmin etməlidirlər.

Məktəb bufetlərində yaxşı olar ki, satılan qidalar içində keyfiyyətli, təzə, təmiz hazırlanmış qidalar olmalıdır. Qeyri-sağlam məhsulların satışı birmənalı şəkildə məhdudlaşdırılmalıdır. Xüsusilə şəkərli içkilər, fast-fod qidalar, həddindən artıq çox kimyəvi qatqı maddələrindən istifadə olunmuş məhsullar, tərkibində doymuş yağlardan çox istifadə olunmuş məhsullar, duzlu qidalar, şirin qəlyanaltılar, bu kimi məhsulların satışı azaldılmalıdır. Çipsilər, qarğıdalı çubuqları və bu kimi konservləşdirilmiş qidaların məktəb bufetlərində satışı tövsiyə olunan məhsullar deyil.

Bəzən məktəblilər səhər heç bir qida qəbul etmədən ilk olaraq acqarına kimyəvi qatqı maddələrindən çox olan qidanı qəbul edir. Bu da onlarda həzm və allergiya kimi digər problemlərin ortaya çımasına səbəb olur. Qazlı, rəngli, şəkərli içkilərin satılmaması tövsiyə olunandır. Bunların əvəzinə daha faydalı adi su, meyvə şirələri, çay, ayran tövsiyə olunan içkilər sırasındadır".

Orxan Hüseyn

Son xəbərlər