Məktəb psixoloqları niyə işləmir? - 2900 psixoloq ştatı var
Yeniliklərdən dərhal xəbərdar olun
"Təəssüflər olsun ki, məktəblilər arasında intihar halları artıb və bu, çoxalan tendensiya üzrə davam edir. Ölkədə bir ildən çoxdur ki, orta ümumtəhsil məktəblərimizdə tədris prosesi işləmir. Azərbaycanda dərslər onlayn qaydada həyata keçirilir və informasiya verilir. Lakin şagirdlərin sosiallaşması, məktəblilərin ciddi problemlərinin həllində onlara yardımçı ola bilmirik və dinləmirik".
Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, apardığı araşdırmalardan belə qənaətə gəlib ki, 2019-cu illə müqayisədə 2021-ci ilin eyni dövründə intihar edən məktəblilərin sayı artıb: "2020-ci il pandemiyanın başlaması səbəbindən nəzərə alınmır və bu, onu göstərir ki, tədris prosesinin dayanması əlavə problemlər yaradır. Məktəbə gedən şagirdlər sosiallaşırlar.
Çox təəssüf ki, orta məktəbdə psixoloq kimi çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğul olur, direktorlara çay daşıyırlar. Təbii ki, bu, hamısına aid deyil. Amma onlar bir çox hallarda vəzifələrini yerinə yetirmirlər. Bu gün ölkənin 4447 orta ümumtəhsil məktəbinin 2900-də psixoloq ştatı var.
Ölkədə ümumi təhlil aparsaq, görərik ki, intihar edənlər arasında məktəblilərin sayı artır. Biz bu məsələdə ən yaxşı halda qonşu ölkələr – Türkiyə və Rusiyanın təcrübəsindən yararlana bilərik. Bu ölkələrdə oxşar hadisələr baş verir, lakin orada intihar hadisələrin qarşısını almaq üçün psixoloqların üzərinə böyük öhdəliklər qoyulub. Bu ölkələrdə məktəblərin psixoloji durumunu təqib etmək birbaşa onların üzərinə düşür. Belə ki, hər iki ölkədə məktəb psixoloqları şagirdlərin dərsdə və şəxsi həyatda yaşadığı uğursuzluqlar zamanı depresiyaya düşməmələri, mövcud vəziyyətdən çıxmaları üçün konkret iş aparırlar".
Kamran Əsədov həmçinin deyib ki, bu gün internet və sosial şəbəkənin uşaqların həyatına sürətlə inteqrasiyası psixoloqların rolunu bir qədər də artırmalıdır: "Açığı deyim ki, mən heç bir orta məktəbin sosial şəbəkədəki səhifələrində psixoloji dəstək məqalələri və testlər görmürəm. Psixoloji konsultasiyalar mövzusunda hər hansı fəaliyyət gözə dəymir.
Bunlar çox ciddi məsələlərdir və diqqətdən kənarda qalamamalıdır. Burada digər problem odur ki, 100 şagirdi olan məktəbin də bir psixoloqu var, 1000-3000 şagirdi olan məktəblərin də. İlk növbədə psixoloq ştatının sayı artırılmalıdır. Həmçinin məsuliyyət olmalıdır.
Təəssüf ki, bəzi məktəb psixoloqları qeyri-ixtisas sahədən gəliblər. 6 aylıq kurs bitirərək bu ştata qəbul olunurlar. Onların özlərinin belə psixoloji gərginlikləri olur.
Hesab edirəm ki, şagirdlərlə daha çox testlər üzərindən işləməliyik və onların sosial, psixoloji vəziyyətləri müəyyənləşməlidir. İndividual yanaşma tətbiq olunsa, ən azından xoşagəlməz hallar azalar. Şagirdlərin yetkinlik dövrü mütləq nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...