Təhsil ekspertləri arasında QALMAQAL: Fikirlərim oğurlanıb!

Təhsil ekspertləri arasında QALMAQAL: Fikirlərim oğurlanıb!
Sosial 3337

İngilis dili müəllimi, əməkdar müəllim Mətanət Əhədova tanınmış təhsil eksperti Kamran Əsədovu plagiatlıqda günahlandırır.BAKU.WS-ə müraciət edən M.Əhədova "DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır?" məqaləsindəki fikirlərin ona məxsus olduğunu bildirərək, müəllif hüquqlarının pozulduğuna etiraz edib:

"25 ilin ingilis müəllimi, Təhsil Nazirliyinin dərsliklərin monitorinqi üzrə, eyni zamanda DİM-in 2000-2015-ci illərdə həm test komissiyasının, həm də dərslik komissiyasının eksperti olmuş bir şəxs kimi Dövlət İmtahan Mərkəzinin bu həftə açıqladığı imtahan modeli barədə öz fikirlərimi 11.10.2018-ci il tarixində Təhsil şikayətləri qrupunda və öz "Facebook" səhifəmdə paylaşdığım, eləcə də DIM-in xarici dil seminarinda çıxışımın əsasında yazdığım "DİM-in builki 9 və 11-ci siniflərin xarici dil fənnidən imtahan modeli barədə" rəy və araşdırmam Kamran Əsədov adlı ekspert tərəfindən öz adına çıxaraq, 12.10.2018 tarixində BAKU.WS saytında çap olunmuşdur. Araşdırmanın yalnız 1-ci şəxs adından olan və məni təqdim edən cümlələri çıxarılmış, əlavə abzas salınmış və yuxarıda adıçəkilən şəxsin adından verilmişdir.

Təhsil şikayətləri qrupundakı və mənim səhifəmdəki yüzlərlə şəxsin, müəllimin gözü qarşısında plagiatlıq olunmuşdur və ictimaiyyət yanlış yönəldilmişdir. Məqalənin bütün rəy hissəsi cümləbəcümlə, sözbəsöz mənimdir və mənim beynimin məhsuludur. K.Əsədov mənə müraciət edərək təhsil şikayətləri qrupunda məqaləmi oxuduğunu və mənim fikirlərimdən istifadə etmək fikrində olduğunu yazdı. Mən ona müəlliflik saxlanılmaqla icazəmi verdim. Bu yazışmanın "screenshotu" əlimdədir. Lakin o, təkcə fikirlərimdən istifadə etməmiş, bütün məqaləmi plaqiat edərək çap etdirib və rəyin onun olduğunu bildirib.

Təkzib verməsini tələb etməyimə və bunun tezliklə ediləcəyinə söz verməsinə baxmayaraq, hələ də rəyin və araşdırmanın mənim olmağı barədə məlumat çap olunmadığından sizdən xahiş edirəm ki, bu müraciətimi və etirazımı çap edəsiniz".

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə açıqlamasında, sözügedən məqalənin müəllifinin Mətanət Əhədova olduğundan məlumatsız olduğunu bildirdi:

"Bizim Mərkəzin 24 əməkdaşı var, hərəsi xarici və daxili müəyyən ixtisaslar üzrə bölünüblər. Əməkdaşlardan biri bu yazını mənə göndərib. Müəllifin kim olduğu bilinmirdi. Yazının bizə daxil olduğu profil onun deyil. Araşdırmanın istifadə edilməsində Mətanət xanımın özünün də razılığı olub. Mənim onunla yazışmam var. Burada nə sizlik, nə mənlik problem yoxdur. Yenə də deyirəm, bizim Təhsil Xidmətləri Araşdırma Mərkəzinə göndəriləndə yazının müəllifi barədə heç bir yerdə qeyd olunmayıb. Mən özüm müəllifin kimliyini araşdırıb tapmışam və bildirmişəm ki, bizim mərkəz bu yazıdan istifadə edəcək. Özü də icazə verdi.

Sonra özü ilə yazışmamızda da demişəm ki, məqalənin müəllifinin sizin olduğu barədə harada məlumat var? "Facebook"da mən də istənilən yazını öz adımla paylaşa bilərəm. Bu elmi məqalə və ya araşdırma deyil. Sizə qaydanı izah edim; əgər hər hansı bir fikirdən istinad zamanı, burada söhbət "Facebook" sosial şəbəkəsindən gedir, altından "İstifadə zamanı istinad mütləqdir" qeydi yazılıbsa, o zaman həmin statusu yazanın adı müəllif kimi götürülür. Məsələn, mənim bütün statuslarımı bütün saytlar istinadsız verir və buna pis baxmıram. Çünki elə bir qeyd yazmıram. Mətanət Əhədova fikirlərini hansısa təhsil qrupunda bölüşüb. Halbuki o, nə mənim "Facebook" dostluğumda var, nə də həmin təhsil qrupunda mən yoxam. Bizə gündə yüzlərlə məlumat daxil olur və bizim əməkdaşlar araşdırıb yazı halında mənim qarşıma qoyurlar. Mən də müəyyən redaktə işləri apardıqdan sonra problemi ictimailəşdirmək məqsədilə saytlara göndərirəm.

Mətanət xanımın özünə də dedim, öncədən bilsəydim, yazıda qeyd edərdim ki, filankəsin də bu haqda fikirləri belədir. Çünki yazını bizə göndərən profil onun deyildir.

Onu da qeyd edim ki, müəlliflik hüququ elmi araşdırmalarda olur və mətbu orqanda dərc olunur. Həmin yazı hər hansı bir rəsmi qəzetdə, saytda çıxıbmı? Görməmişik"!

Əməkdar müəllim Mətanət Əhədovanın müəllifi olduğu "DİM-in builki 9 və 11-ci siniflərinin xarici dil fənnindən imtahan modeli barədə" məqaləni olduğu kimi təqdim edirik:Bu həftə DİM xarici dil fənni üzrə həm 9, həm də 11-ci siniflərdə keçiriləcək imtahan modelini verdi. Bir təhsil eksperti kimi imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallarla üzləşdim. Müəllim və valideyinlərin çoxsaylı müraciətlərini də bura əlavə etsəm aşağıdakı suallarla həm Təsil Nazirliyinə, həm də Dövlər İmtahan Mərkəzinə müraciət edirəm. 1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinliyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda( nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hal hazirkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda bütün dəsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür? ( DİM-in dərsliklərin monitorinqi üzrə rəyləriindən çıxarışlar əlavədə verilib) 2. Bildirmək istərdim ki 2012-2015-ci illər ərzində Həm Təhsil Nazirliyi , həm də o vaxtkı TQDK-da dərsliklərin müzakirəsi zamanı hal hazırda işlək olan bütün dərsliklər barədə rəyim mənfi olub, 1-ci 2-ci 3-cu və 5-ci sinif dərsliklərini isə ümumiyyətlə tədrisə yararlı hesab etməmişəm. 1ci sinifdən 8-ci sinifə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini ,məzmunun yalnız ele buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini qeyd etmişəm. ( bəzi video linkləri əlavədə vermişəm ) Həmən illərdə hələ 9-11 ci sinif dərslikləri nəşr olunmamışdı lakin deyə bilərəm ki 9-11-ci sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır. 3. Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( “dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird ( həm 9, həm 11- ci siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur? 4. Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8 ci siniflərdə 3 saat ,9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinifin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?5. DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarida da qeyd etdiyim kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır ? 6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür? 7. Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmən fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur, müəllim və şagirdlər buna hazırlıqlidirlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər ,həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? Ingilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir. 8. Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə TN nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə yenə deyəcəklər ki internetdə milyonlarla vəsait var , açıb etsinlər. Onda sual doğur DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında. Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur ,o ki ola ucqar kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər? 9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara “testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə ( və həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər? 11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar ? Valideyinlər elavə müəllimlər tutub ( bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır) , əlavə xərc çəkib övladlarına Listening( dinləmə) və Reading (Oxu) oyrətməlidirlər? 12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur və TN və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır? Əlavə: Dövlət İmtahan Mərkəzinin dərsliklərin monitoriqindən siniflər üzrə rəylərdən bəzi çıxarışlar (http://derslik.edu.az/monitoring/ dərslik portalından götürülmüşdür).1-ci sinif dərsliyi Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib (1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.2-ci sinif dərsliyiBurada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilmişdir. Lakin audio disk verilmədiyindən, dinləyibanlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmamışdır. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar olaraq digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir 3-cü sinif dərsliyi

Dərslikdə dinləyib anlama standartları yerinə yetirilməməşdir

4-cü sinif

Dərslikdə 1.1.3. (Verilmiş mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməmişdir və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.

5-ci sinif

Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.

6-cı sinif

Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməmiş, MMV-də müəllimlərə nümunə kimi göstərilməmişdir. Hər dərsin əvvəlində “Listening-speaking”, “Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.

7-ci sinif

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmamışdır. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilmişdir (səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən “Qulaq as” və “Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. (“Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. (“Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.

8-ci sinif

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) “Listen” başlıqlı tapşırığa rast gəlinir.

9-cu sinif və 10 və 11-ci siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalniz uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki bu sinif dərsliklərində də 1.1 dinləyib anlama standartı tamamilə reallaşmayıb, çünki Listening aparmaq üçün disk yoxdur ,eyni zamanda Listening başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır çünki dinləyib anlama zamanı şagird mətni görməməli yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə, bu oxu materialıdır.

Ümumiyyətlə yuxarıda sadalanan butun siniflər üzrə heç bir sinif dərsliyində dinləyib anlama tam yerinə yetirilməmişdir və audio vəsait nəzərdə tutulmamışdır".

Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər