Məhsul sata bilməyən kəndlilərə "rəqabət məcəlləsi" müjdəsi

Məhsul sata bilməyən kəndlilərə rəqabət məcəlləsi müjdəsi
Sosial 55

Yay mövsümü olmasına baxmayaraq kənd təsərrüfatı məhsullarının xüsusən də meyvə-tərəvəzin qiyməti olduqca bahadır. Əl yandıran qiymətlərdən isə nə alıcı razıdır, nə də kəndli...

Kəndli məhsulunu ucuz qiymətə belə bazara çıxara bilmir. Səbəb isə bazarla kəndli arasında əlaqə yaradan vasitəçilərdir. Bəs görəsən, onlarla nə cür mübarizə apara bilərik? Rəsmi qurumlar məsələ ilə bağlı hansı tədbiri görməlidir?

Mövzu ilə əlaqədar BAKU.WS-ə açıqlama verən iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov güman edir ki, payız sesiyasında “rəqabət məcəlləsi” qəbul ediləcək və bu, problemin həllində mühüm rol oynayacaq:

“Yay fəsli olmağına baxmayaraq mövsümi meyvə və tərəvəzlərin qiyməti bahadır. Əksinə indi hər şey daha ucuz olmalıdır. Kəndçi öz məhsulunu bazara çıxarda bilmir. Bu, olduqca böyük problemdir. Çünki bazarlarda inhisarçılar var. Müəyyən topdansatış bazaları bu işlərə nəzarət edirlər. Onlar icazə vermir ki, kəndçi məhsulunu bazara çıxartsın. Biz uzun müddətdir tələb edirik ki, ölkəmizdə rəqabət məcəlləsi qəbul olunsun. Bu sayədə haqsız rəqabət müəyyən qədər aradan qalxacaq. Nə qədər ki, bazarlarda inhisarçılıq və monopoliya var, qiymət artımı problem olaraq qalacaq. Güman edirəm ki, payız sesiyasında rəqabət məcəlləsi qəbul ediləcək”.

Deputat, məcəllənin yarada biləcəyi imkanlardan da söz açdı. O, bildirdi ki, bu baş verərsə, qiymətdə müəyyən sabitləşmə baş verəcək:

“Təxminən 13-14 ildir, tələb edirik ki, rəqabət məcəlləsi qəbul edilsin. Nəhayət, dövlət başçısının göstərişi ilə baş nazir məcəlləni hazırladı. Hazırda məsələyə prezident aparatında baxılır. Qanun qəbul olunsa, haqsız rəqabətin qarşısı alınacaq. Hamı üçün eyni şərait yaradılacaq. Təbii ki, bütün bunlar birdən-birə olan deyil. Ancaq qanundan sonra bu işlər yavaş-yavaş öz yoluna girəcək”.

Deputat Azər Badamov isə problemin həllində 2 əsas çıxış yolu olduğunu bildirir. İlk növbədə bazarda kəndli üçün satış məntəqəsi qurulmalıdır:

“Kənd təsərrüfatı məhsulları, istehsalçıdan istehlakçıya çatana qədər bir neçə mərhələdən keçir və üstünə əlavə haqq gəlir. Nəticədə qiymətlərdə 2-3 dəfəyə qədər artım olur. Bunun baş verməməsi üçün bir neçə tədbirin görülməli olduğunu vacib hesab edirəm. Birinci məsələ kəndçi üçün bazara çıxış imkanları yaradılmalıdır. Bazarlarda kəndçilər üçün satış məntəqələri təşkil olunmalıdır. Kəndçi bilməlidir ki, istehsal etdiyi məhsulu ilə bazara gələndə satış üçün yer problemi olmayacaq”.

A.Badamovun ikinci təklifi isə belə oldu ki, həmin məntəqələrdə satışını həyata keçirən şəxslər üçün məhsulu özü istehsal etdiyi haqqında yerli icra nümayəndəsindən arayış tələbi qoyulmalıdır:

“Belə olarsa, kəndçi birbaşa öz məhsulunu bazara çıxarda və daha ucuz qiymətə satışını edə bilər. Kəndçinin ucuz məhsulu bazara çıxması ümumi qiymətlərin formalaşmasında rəqabət yaradar və bu da qiymətlərin aşağı düşməsinə təsir edər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər