Leyla Əliyeva Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalında - FOTO
01
iyn
2018
22:24
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın festivala gəlməsi isə uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Leyla Əliyeva uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib.Festivalda hər kəs - balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər.Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.Heydər Əliyev Mərkəzinin parkı nağıllar və möcüzələr aləmini xatırladırdı.Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada buz meydançası, rəqs meydanı, müxtəlif idman və incəsənət meydançaları yaradılıb. “Street art” - küçə incəsənəti üçün ərazidə uşaqlar asfalt üzərində, “Art” meydançasında isə molbertlərdə müxtəlif rəsmlər çəkiblər. Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq yarışı keçirilib və kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.Uşaqlar arxeoloji meydançada şərti olaraq axtarış aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar ediblər, “Safari turu”, “Mini ferma” zonalarında isə heyvanlar aləminə səyahət ediblər. Azyaşlılar safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlıqla yanaşı, “Mini ferma”da bir sıra heyvanlarla canlı ünsiyyətdə olublar.“Art dəfilə” zonasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan istedadlı uşaqlar özlərinin əl işləri olan geyim nümunələrini təqdim ediblər.Labirint zonasında balacalar səmti müəyyənetmə idmanı ilə məşğul olub, vaxtlarını şən və maraqlı keçiriblər. Uşaqlar, həmçinin şahmat oynayıb, idmanın müxtəlif növləri – futbol, basketbol, voleybol, gimnastika, taekvondo, cüdo, atletika və qılıncoynatma üzrə master-klaslarda iştirak edib, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Estafet meydançasında isə balacalar mini qolf və oxatma ilə məşğul olub, həmçinin özlərini intellektual yarışlarda sınayıblar.Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar – batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb.Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən “Disney parad” nağıllar aləmini daha da zənginləşdirib. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər.Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər.Festivalda “İmaginarium”, “The Entertainer” mağaza şəbəkələri, “Bolshoy prazdnik” və “Studyland” uşaq mərkəzi və “Megafun” əyləncə mərkəzinin təqdim etdiyi müxtəlif attraksionlar, animatorlar olub.Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar.Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub. Festivalda əl işi ilə (string-art növündə) çıxış edən Pərvan Abasquliyev həmyaşıdlarını hər gün bu cür bayram əhval-ruhiyyəsində görmək arzusunda olduğunu söyləyib.Beş nömrəli internat məktəbindən Mələknur İsmayılzadə və Aqşin Rzayev festivala düzəltdikləri kuklalarla gəlmişdilər. Bu fidan balalar həm özlərinin, həm də bacı-qardaşlarının böyüyəndə ali məktəblərə daxil olmasını arzu edirlər. “Bu gün burada doyunca əyləndim, buz meydançasından isə daha çox xoşum gəldi”, - deyən Səma Quliyeva da həmyaşıdlarını bayram münasibətilə təbrik edib.Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin əmək təlimi müəllimi Ruhəngiz Rəhimova bu festivalı dövlətimizin uşaqlara yüksək qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiyini, əyləncələrin uşaqlara unudulmaz bayram sevinci yaşatdığını vurğulayıb.Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda onlarla birgə olur.Heydər Əliyev Mərkəzinin parkındakı festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva uşaqlarla birlikdə - FOTO
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. BAKU.WS-in məlumatına görə, Fondun vitse-prezidenti Leyla Əliye...