"Kristal" Şirkətindən müğənniyə ev verilmə İDDİASINA AÇIQLAMA

Kristal Şirkətindən müğənniyə ev verilmə İDDİASINA AÇIQLAMA
Sosial 66

Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə guya bir deputatın sahibi olduğu "Kristal" şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir.

BAKU.WS xəbər verir ki, bu barədə "Kristal" şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Şirkətdən bununla bağlı bildirilib ki, ümumiyyətlə "Kristal" şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb:

"Qeyd edirik ki, adı çəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa "Kristal" şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilib.

Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir.

"Kristal" şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır.

Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır".

Son xəbərlər