Koronavirusla bağlı maraqlı araşdırma: xəstələr niyə ölür?
“İnsan bədənində xəstəliklərə qarşı hiperreaksiya göstərən immun sistemi koronavirusa yoluxan və ağır vəziyyətdə olan şəxslərə daha böyük ziyan verə bilər”.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, belə bir iddia ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc edilib.
“İnfeksiyanın məhz ən ağır xəstələrdə inkişaf etməsi hələ də tibb elmi üçün naməlum olaraq qalır, lakin ekspertlərin fikrincə, “COVİD-19”lu xəstələri öldürən virusun özü deyil, ona verilən immun cavabın hiperaktivliyidir. Belə ki, idarə olunmayan immun cavab zamanı xəstənin ciyərləri oksigeni başqa orqanlara çatdırmaqda yetərsiz qalır və bu da nəfəs çatışmazlığına, bəzi hallarda isə ölümə gətirib çıxarır. Həkimlərin sözlərinə görə, sıradan çıxmış immun sistemi ciyərlərin funksiyasını tamamilə aşağı salır”, - deyə məqalədə qeyd olunur.
“Alimlər bu halı daha yaxşı anlamağa çalışarkən, əczaçılıq firmaları indi xəstəxanalarla əməkdaşlıq edərək onlardan “bəzi dərmanların, həqiqətən, nəzarət olunmayan immun cavabı (hiperreaksiyanı) yatırmaqla ölüm hallarını azaldıb-azaltmadığını” öyrənmək istəyirlər. Artıq bəzi həkimlər süni tənəffüs aparatı olmadan nəfəs ala bilməyən xəstələrə bu dərmanları verməyə məcbur qalıblar”, - deyə yazıda bildirilir.
Müəlliflər Cozef Uolker və Cared Hopkins həkimlərin bunun üçün “sitokin fırtınası” terminindən istifadə etdiyini yazırlar.Bu termin COVİD-19 kimi xarici patogen mikroorqanizmlərin səbəb olduğu fövqəlaktivli immun cavabı ifadə edir. Sitokin adlanan zülallar immun sisteminin xəstəliklərə qarşı mübarizəsinin əsas silah arsenalıdır. Lakin əgər qana daha çox sitokin keçsə, bu, artıq fəlakətə çevrilir və orqanları sıradan çıxarır. Buna rəğmən “Covid-19” virusunun niyə məhz bəzi adamlarda daha çox “sitokin fırtınası” törətməsi faktı elm adamları üçün hələ də sirr olaraq qalıb. Alimlər burada genetik faktorların önəminə diqqət çəkirlər.
“Həkim və araşdırmaçıların fikrincə, koronavirusa yoluxan ağır xəstələrdə xəstəlik iki mərhələdən ibarətdir. Öncə immun sistemi virusa qarşı tez və effektiv reaksiya vermir. Lakin daha sonra immunitet birdən-birə aqressivləşir və orqanizm sitokinlərlə dolmağa başlayır. Sitokin seli qan damarlarını zədələyir və maye ciyərlərə sızaraq onları top kimi doldurur”, - deyə yazıda bildirilir.
“Virus burada təşəbbüskar rolda çıxış edir. İkinci problem isə ondan ibarətdir ki, immun sistemi bütün bu olanlara doğru reaksiya vermir və buna görə sitokin fırtınasını yaratmağa başlayır. Xəstələr ona görə ölürlər”, - deyə Yel universitetinin Tibb fakültəsinin dosenti Ya-Çi-Ho müəlliflərə söyləyib.
Yazıda “sitokin fırtınası”na məruz qalan xəstələrə “kortikosteroidlər” adlanan dərmanların verildiyi, lakin onların effektivliyinin hələ tam yoxlanılmadığı qeyd olunub. Bundan başqa, stereoidlərlə müalicə olunan xəstələr arasında da ölüm halları çoxdur. Çünki bu dərmanlar immun sistemini zəiflətməklə infeksiya ilə mücadilə edən xəstələrə əlavə təhlükə doğurur.
“Həkimlərin fikrincə, bütün immun sisteminə deyil, konkret sitokinlərə yönəlik dərmanlar daha çox effekt verə bilər. Artıq bir sıra nəhəng əczaçılıq korporasiyaları bu preparatlar üçün tədqiqatları genişləndiriblər”, - deyə yazının sonunda bildirilir.
Oxşar xəbərlər
Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək?
Orqanizm qısa müddətdə öz immun funksiyasını necə bərpa edə bilər? BAKU.WS Trend-ə istinadən xəbər verir ki, koronavirus COVİD-19 infeksiyasının dünya ölkələrin...