Koronavirus xəstələrini sağaltmış çinli professordan xəbərdalıq: BUNLARI YEMƏYİN! - MÜSAHİBƏ

Koronavirus xəstələrini sağaltmış çinli professordan xəbərdalıq: BUNLARI YEMƏYİN! - MÜSAHİBƏ
Sosial 22082

Uhanda koronavirusla mübarizədə ön cərgədə yer alan Pekin Tibb Xəstəxanasının Tənəffüs şöbəsinin müdiri və Ağciyər Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbəri doktor Vanq Yuquanq "Milliyet" qəzetinə müsahibə verib.

BAKU.WS xəbər verir ki, çinli professor müsahibə zamanı COVID-19-a qalib gəlmək və virusa yoluxmamaq üçün vacib məlumatları paylaşıb.

Çinin Milli Tibb İdarəsi tərəfindən koronavirusun yeni növünün araşdırılması üçün təyin olunmuş xüsusi qrupun üzvü olan Vanq Yuquanq, eyni zamanda xəstəliyə qarşı istifadə olunan "Jin Hua Qing Gan" adlı dərmanın inkişafında öz töhvəsini vermiş şəxslərdən biridir. SARS ilə mübarizənin qəhrəmanlarından olan çinli professor H1N1 və quş qripi kimi mühüm epidemiyalarla mübarizə aparan alimlərin cərgəsində də yer alıb.

Uhanda təxminən iki ay qalan və çox sayda xəstəni müalicə edən Vanq Yuquanq əldə etdiyi təcrübələri və yaşadıqlarını insanlarla bölüşüb.

- Təcrübənizə görə, SARS və COVID-19 arasındakı fərqlər nədir? COVID-19-la apardığınız iki aylıq mübarizə barədə nə deyə bilərsiniz?

- Uhanda olduğum müddətdə COVID-19-un SARS-dan daha təsirli yoluxma gücünə, daha yüksək yayılma sürətinə və daha fərqli yoluxma yollarına malik olmasını müşahidə etdim. İlk dövrdə aşkar edilməsi heç də asan olmadı, SARS-la müqayisədə epidemiyaya nəzarət etmək daha çətindir.

Uhandakı epidemiya ilə mübarizədə mənə ən çox müsbət təsir edən o oldu ki, Çinin müxtəlif yerlərindən dəstək üçün şəhərə tibb işçiləri gəldi. Onlar gecə-gündüz bilmədən işləyirdilər. Müalicə otağında istifadə olunan qoruyucu geyim bir saatdan sonra şişir və tərləyir. Buna rəğmən, çinli həkimlər gündə dörd saatdan çox işləyirdilər, heç kim yorğunluq və halsızlıqdan şikayət etmirdi. Hər kəsin məqsədi eyni idi: xəstəni sağaltmaq.

Bundan əlavə, Zhonq Nanshan və Zhanq Boli kimi 70-80 yaşlı mütəxəssislərin epidemiya ilə mübarizənin ön xəttini tərk etməməsi məni çox qürurlandırdı.

- Təcrübəniz fonunda dünyanı necə qiymətləndirirsiniz?

- Hər bir ölkə öz vəziyyətinə, yəni tibbi qaynaqlarına, tibbi texniki səviyyəsinə, icma və ailə nizamına və insanların gündəlik həyat tərzinə görə mübarizə aparır. Məsələn, Yaponiya, Cənubi Koreya və Sinqapur epidemiyanın yayılmasının qarşısını almağa müvəffəq olub. İspaniya, İtaliya və ABŞ kimi ölkələrdə epidemiyanın bu qədər ciddi olmasının səbəbi, bu ölkələrin epidemiya ilə kifayət qədər maraqlanmamaları və baş verdikdən sonra ölkələrdə ciddi tibbi ləvazimat çatışmazlığının olmasıdır.

Oxşar vəziyyət yanvar ayında Uhanda da baş vermişdi. Covid-19 xəstəliyi çox mürəkkəbdir. Çinin mübarizə təcrübəsinə görə, hadisələrin 80 faizi yüngüldür. Ağır hallar daha çox xəstəlikləri olan yaşlılarda olur. Bu xəstəlik çox yoluxucudur, səhiyyə işçiləri ciddi tədbirlərə diqqət yetirməlidirlər. Gənclər isə virusdan qorunmaq üçün insanlarla az təmasda olmalı, evdə mümkün qədər qalmalı, maska ​​taxmalı və əllərini tez-tez yumalıdırlar.

- Dünyada epidemiya nə zaman tam nəzarətə götürüləcək? Yay aylarında sona çatacaqmı?

- Hazırda bu suala dəqiq cavab vermək çox çətindir. İnkişafın mərkəzi indi ABŞ və Avropadır, nə vaxt bitəcəyi məlum deyil.

- Türkiyə, bir müddət əvvəl vəziyyəti ağır xəstələr üçün Çindən "Favipiravir" adlı dərmanı alıb. Bu mövzuda bizə məlumat verə bilərsinizmi?

- Çindəki klinik araşdırmalar "Favipiravir"in virusun bədəndə yayılmasının qarşısını ala biləcəyini, simptomları yaxşılaşdıra biləcəyini sübut edib. Çin-Qərb təbabətinin birləşməsi mülayim hallar üçün çox təsirlidir və təmiz Çin dərmanı yüngül hallarda müalicə üçün təsirli olur. Məsələn, "Lian Hua Qing Wen" adlı Çin dərmanı və Qərb tibbinin birləşməsi qızdırma, zəiflik və öskürək kimi xəstəliklərin aradan qaldırılma sürətini artırdı. Müalicə nisbəti 82,4 faizdən 91,5 faizə yüksəldi.

Qərb dərmanı ilə klinik simptom müddəti 10 gün olduğu halda, bu dərmanla klinik simptom müddəti 7 günə qədər azalıb. Normal müalicə üsulu ilə bu dövr orta hesabla 12 gündür. Bundan əlavə, Çin koronavirusa qarşı peyvənd hazırlayır və klinik sınaq dərhal başlayacaq.

- İnsanlara epidemiyaya qarşı nəyi məsləhət görərdiniz? Gündəlik həyatda nəyə diqqət etsinlər?

- Ən vacib olan effektiv fəaliyyətdir. İmmunitet sistemini gücləndirmək üçün balanslı qidalanmaya, yaxşı istirahətə, normal yuxuya ehtiyac var və panikaya düşmək qətiyyən olmaz. Çin tibbinə görə, Covid-19 virusunun xüsusiyyəti "nəmli patogen"dir, buna görə qidalanma üçün mal əti, qoyun əti və həzm olunmayan yağlı qidalar az yeməlisiniz.

Erkən diaqnoz və erkən müalicə ölüm sayını aşağı səviyyədə saxlayır.

Oxşar xəbərlər

Son xəbərlər