İnsanları ölümə aparan küçə məhsulları...

İnsanları ölümə aparan küçə məhsulları...
Araşdırma
Sosial 308

Paytaxtın müxtəlif küçə və prospektlərində qida məhsullarının açıq şəkildə satılması adi hala çevrilib. Yol kənarlarında, metro çıxışlarında, park və digər ictimai yerlərdə gigiyenik normalara uyğun olmayan şəraitdə satışa çıxarılan bu məhsullar insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Maraqlıdır ki, belə hallar kütləvi şəkildə müşahidə olunsa da, məsələ ilə bağlı konkret tədbirlər görülmür.

Mövzu ilə bağlı BAKU.WS Azərbqaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanladı. Bildirildi ki, küçədə nə satılmasından aslı olmayaraq qida və ya qeyri qida məhsullarına yerli icraorqanları və Daxili İşlər Nazirliyi nəzarət edir

Nəticədə, nəzarətsiz qalan bu satış nöqtələrində qida məhsullarının saxlanma şəraiti, mənşəyi və yararlılıq müddəti sual altındadır.

Mütəxəssislər bildirirlər ki, açıq havada, toz və müxtəlif çirklənmələrə məruz qalan qida məhsulları müxtəlif infeksiyaların, qida zəhərlənmələrinin və həzm sistemi xəstəliklərinin yaranmasına səbəb ola bilər. Lakin bütün bu risklərə baxmayaraq, küçə ticarəti ilə məşğul olan şəxslər maneəsiz şəkildə fəaliyyət göstərir. Alıcılar isə potensial təhlükənin fərqində olmadan bu məhsulları almağa davam edirlər.

Qida mütəxəssisi Ağa Salamov saytımıza açıqlamasında bildirdi ki, küçə ticarətində qidaların satışı standartlara uyğun şəkildə aparılmalıdır:

"Məsələn, balıq satışını icra edən kiçik sahibkarlar bunu maşının arxasında, açıq şəkildə edirlər. Ən azından balıqlar buzun içində satılarsa, təhklükə minimuma düşər.

Burada təkcə balıq yox, ağartı məhsullarını da qeyd etmək istərdim. Belə ki, bu məhsulların istidə saxlanılması onların xarab olması ilə nəticələnir. Bu da istehlakçının sağlamlığına birbaşa zərərdir."

Unutmaq olmaz ki, qida təhlükəsizliyi hər bir vətəndaşın sağlamlığı üçün vacib amillərdən biridir. Əgər sağlam yaşamaq istəyiriksə, buna diqqət yetirməliyik!

Şahanə Xankişiyeva

Son xəbərlər