Hərbi qulluqçuların maaşları belə müəyyənləşəcək - YENİ QAYDA

Hərbi qulluqçuların maaşları belə müəyyənləşəcək - YENİ QAYDA
Sosial 5369

Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və üstəlik verilən pul təminatı növləri nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyənləşəcək.

 

BAKU.WS xəbər verir ki, APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabineti , 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar belə bir qərar qəbul edib.

Qeyd edək ki, üstəlik verilən pul təminatı növlərinə zabit vəzifəli heyətə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrinin bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, praporşiklərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmət etmə pulu, ev kirayə etmə pulu daxildir.

Xatırladaq ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında qeyd edilmişdi ki, Müdafiə Nazirliyinə tapşırılsın ki, Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər