Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verilib

Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verilib
Foto
Sosial 67

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan Sağlamlıq Mərkəzinin (Mərkəz) açılışı olub.

BAKU.WS xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və Mərkəzin Baş həkimi iştirak ediblər.

Müəssisə barədə məlumat verən Elçin Əmirov bildirib ki, son dövrlərdə ilkin səhiyyə xidmətinin Bakı şəhərində inkişaf etdirilməsi nəticəsində hər bir ailəyə tam əhatəli, bir mərkəzdən və keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsində keyfiyyət baxımından yeni mərhələnin əsası qoyulub. Bu proses uşaq, şəhər poliklinikalarının, qadın məsləhətxanalarının, diaqnostik və ixtisaslı ambulator tibbi xidmətlərin bir mərkəzdən təşkilinə imkan verir.

Bu istiqamətdə pilot inteqrasiya modelinə uyğun olaraq, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş və Bakı Baş Səhiyyə Mərkəzinin balansına verilmiş binada ilkin səhiyyə xidmətləri təşkil edilərək Mərkəz istifadəyə verilib.

Hövsan Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Mərkəz ərazidə fəaliyyət göstərən 23 saylı şəhər və 16 saylı uşaq poliklinikalarının işinə dəstək olmaqla yanaşı, artan əhali sayına uyğun olaraq tam tibbi xidmətin göstərilməsinə şərait yaradacaq.

Məlumat verilib ki, 60 000-dən çox əhaliyə xidmət göstərmək imkanına malik olan tibb müəssisəsi müasir avadanlıqlarla təchiz edilib. Hövsan Sağlamlıq Mərkəzində ümumilikdə 270 nəfər personal çalışacaq. Mərkəzdə İlkin səhiyyə xidməti, İxtisaslı ambulator tibbi xidmət, Diaqnostik tibbi xidmət, Fizioterapiya və Tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.

Mərkəzin binası 1 zirzəmi və 3 mərtəbədən ibarətdir. Tam təmir olunmuş binanın kamera nəzarət sistemi, mərkəzi istilik sistemi, mərkəzi havalandırma sistemi, yanğından mühafizə sistemi, mərkəzi server sistemi, mərkəzi sterilizasiya sistemi mövcuddur. Həmçinin burada ayrıca transformator və lift quraşdırılıb.

Ümumi tikinti sahəsi 1745,43 m2, ümumi sahəsi 5886,48 m2 olan binanın geniş həyətyanı yaşıllıq zonası və 50 avtomobil üçün nəzərdə tutulmuş dayanacağı da mövcuddur.

Mərkəz Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Qələbə küçəsi 7 ünvanında yerləşir.

Qeyd edək ki, əhalinin icbari tibbi sığorta çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmətdən yararlanması, həmçinin səhiyyə xərclərinin optimal istifadəsinin təmin edilməsi məqsədilə birinci səviyyə səhiyyə xidmətlərinin inkişafı TƏBİB-in strateji hədəflərində qarşıya qoyulan əsas məsələlərdən biridir.

Oxşar xəbərlər

Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ

Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ

Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir. Vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.İ...

46 Sosial 22:32 07 noyabr 2024

Son xəbərlər