Hindistan ştammı təhlükəsi - Tanınmış həkim insanları ehtiyatlı olmağa çağırdı

Hindistan ştammı təhlükəsi - Tanınmış həkim insanları ehtiyatlı olmağa çağırdı
Sosial 743

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb.

BAKU.WS xəbər verir ki, ÜST rəsmisi Maria van Kerxove açıqlayıb ki, bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur.

O eyni zamanda vurğulayıb ki, peyvəndlər hər bir halda ağır xəstəliklərin və ölümün qarşısını alır.

Azərbaycanın qonşuluğunda yerləşən Rusiyada COVİD-19-dan vəfat edən hər üç nəfərdən birinin Hindistan ştammına yoluxduğu üzə çıxıb. Virusun bu növünün Azərbaycanda qeydə alınması böyük narahatlıq doğurur. Tibb elmləri doktoru, professor Adil Qeybulla da BAKU.WS-ə açıqlaması zamanı insanları ehtiyatlı olmağa çağırıb: Hindistan ştammının Azərbaycanda olması istisna edilmir. Çox güman ki, Rusiyada varsa, ölkəmizdə də var. Buna görə biz ehtiyatlı olmalıyıq.

Bir şeyi nəzərə almaq lazımdır ki, ölkədə əhali sayı azdır. Azərbaycanda real əhali, bəlkə də, 6 milyondur. Çünki xeyli sayda insan Rusiya və başqa ölkələrdədir. Bununla yanaşı 3 milyona yaxın insan vaksinasiya olunub, xeyli sayda vətəndaş xəstəliyi keçirib və immunitet yaranıb. Biz kollektiv immunitetə daha yaxınıq. Ona görə bizim müəyyən üstünlüklərimiz var. Bu vəziyyət insanları qətiyyən arxayın salmamalıdır. Karantin qaydaları və davranışlarına qapalı mühitdə əməl etmək şərtdir.

Hələlik epidemioloji vəziyyətə uyğun olaraq sosial həyatın ayrı-ayrı sahələrində yumşaldılmalar aparılır. Amma bunu nəzərə almaq lazımdır ki, bu, müvəqqəti tədbir ola bilər. Epidemioloji vəziyyət pisləşərsə, karantin qaydaları da sərtləşdirilə bilər. Hətta vaksinasiya icbari xarakter də daşıya bilər. Bütün bunlar mövcud vəziyyətdən asılı olacaq. Nə qədər ki, karantin bitməyib, Ümumdünya Səhiyyə Təşkilatı bunu elan etməyib, biz ehtiyatlı olmalı və karantin davranışlarına əməl etməliyik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər