Havanın temperaturu aşağı düşür - Sağlamlığımızı necə qoruyaq?

Havanın temperaturu aşağı düşür - Sağlamlığımızı necə qoruyaq?
Sosial 60

Uzun müddətdir ölkədə davam edən isti hava şəraiti yerini son bir neçə gündür sərin və küləkli havaya verib. Belə olan halda davamlı olaraq 40-41 dərəcəyə öyrəşən orqanizm indi çaşqınlıq yaşayır. Hazırda paytaxtda havanın temperturu 29 dərəcədir. Temperaturun bu qədər aşağı düşməsi orqanizmdə bəzi fəsadlara yol aça bilir. Bu xüsusilə ürək-damar, tənəffüs və immun sistemləri zəif olan insanlarda özünü biruzə verir. Bəs bunun qarşısını almaq üçün nə etməliyik?

BAKU.WS xəbər verir ki, bu cür hallarda sağlamlığı qorumaq üçün aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:

Geyimə diqqət yetirin

Hava şəraitinə uyğun geyinin. Səhər və axşam saatlarında hava daha soyuq ola bilər, buna görə qat-qat geyinmək daha məqsədəuyğundur. İstilərdən qorunmaq üçün açıq rəngli, yüngül və nəfəs alan parçalardan istifadə edin. Soyuq havada isə baş, boyun və əlləri isti saxlamaq vacibdir.

Maye qəbulunu artırın

Hər iki halda (isti və soyuq havalarda) kifayət qədər su için. İsti havada bədənin tər yolu ilə itirdiyi mayeni bərpa etmək üçün, soyuq havada isə qan dövranını dəstəkləmək üçün bu vacibdir.

İmmuniteti gücləndirin

Vitamin və mineral baxımından zəngin qidalar (xüsusilə C və D vitamini) qəbul edin. Təzə meyvə-tərəvəz, süd məhsulları və balıq kimi qidalar immunitet üçün faydalıdır.

Zəruri hallarda açıq havalı mühitlərdən istifadə edin

Havalandırılmış, təmiz hava olan yerlərdə vaxt keçirin. Lakin soyuq havalarda uzun müddət çöldə qalmamaq məsləhətdir.

Fiziki Aktivliyi Tənzimləyin

Temperatur dəyişiklikləri zamanı ağır fiziki işlərdən uzaq durun. Yüngül gəzinti və ya ev şəraitində sadə hərəkətlər orqanizm üçün faydalıdır.

Xroniki xəstəliyi olanlar diqqətli olmalıdır

Hipertoniya, astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkənlər bu dövrdə dərmanlarını vaxtında qəbul etməli və həkim tövsiyələrinə əməl etməlidirlər.

Yuxu və dincəlməyə vaxt ayırın

Temperatur dəyişikliyi bədənin adaptasiya qabiliyyətini zəiflədir. Kifayət qədər yuxu və istirahət bu prosesi asanlaşdırır. Əgər sizdə başgicəllənmə, tərləmə, nəfəs darlığı və ya ürək döyüntülərində artım hiss olunarsa, dərhal həkimə müraciət etmək vacibdir.

Qeyd edək ki, avqustun 8-i axşamdan başlayaraq ölkədə havanın temperaturu aşağı düşüb. Bunun avqustun 12-dək davam edəcəyi gözlənilir.

Son xəbərlər