Gömrükdə 1 milyondan çox qaçaqmal siqaret aşkarlandı (FOTO)

Gömrükdə 1 milyondan çox qaçaqmal siqaret aşkarlandı (FOTO)
Sosial 1043

Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi Dövlət Gömrük Komitəsinin fəaliyyətində prioritet  istiqamətlərdən biri qaçaqmalçılıq hallarına qarşı mübarizədir. Belə ki, Komitə daim qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirərək, yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yayınma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 milyon 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.

Xüsusilə Gürcüstan Respublikası və Rusiya Federasiyası ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə sui-istifadə hallarına yol verirlər.  Dövlət Gömrük Komitəsi bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcəkdir.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.

BAKU.WS

Son xəbərlər