Gömrük tariflərində dəyişiklik gözlənilirmi?
"Hazırda Azərbaycan gömrük tariflərinin azaldılması və ya yeni tarif güzəştlərinin tətbiqi ilə bağlı hər hansı təşəbbüs gündəmdə deyil".
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
O qeyd edib ki, bununla belə, mövcud azadolmaların iqtisadi artıma və məhsul istehsalına hansı dərəcədə töhfə verdiyini müəyyən etmək istiqamətində işlər aparılır. Komitə sədrinin sözlərinə görə, tarif siyasətinin əsas məqsədi iqtisadi aktivliyin artırılması, istehsalın genişləndirilməsi və ixrac potensialının gücləndirilməsidir. Bu məqsədlə müxtəlif sahələr və əmtəə qrupları üzrə gömrük və vergi azadolmaları tətbiq edilir.
Şahin Bağırov əlavə edib ki, 2025-ci ildə ölkəyə 18.1 milyard dollar dəyərində idxal həyata keçirilib.
"Bu idxalın 29.5 faizi əlavə dəyər vergisi, 52.5 faizi isə gömrük rüsumları üzrə güzəştdən yararlanıb. Azadolmaların ümumi həcmi 3 milyard 424 milyon manat təşkil edib. 2026-cı ilin ilk 5 ayında da göstəricilər oxşar səviyyədə qalıb. Məhz buna görə bu məsələnin effektivliyi ilə bağlı hökumət tərəfindən müvafiq müzakirələr həyata keçirilir", - deyə o bildirib.
Komitə sədri, həmçinin vurğulayıb ki, tətbiq edilən azadolmalar əsasən hazır məhsullara deyil, sənaye avadanlıqlarına, ehtiyat hissələrinə və istehsal prosesində istifadə olunan aralıq məhsullara şamil edilir. Bu isə yerli istehsalın inkişafına və gələcəkdə ixrac imkanlarının artırılmasına xidmət edir.
Oxşar xəbərlər
Sabah günü leysan yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında iyunun 27-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumat...